Professor Fərəc Qarayevin mono-operası Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olundu
Eşq - insanın ən ali hisslərinin nüvəsində duran bu duyğu, ömrün hansı məqamında yaşanmasından asılı olmayaraq, həyatının bəzəyinə, qayəsinə çevrilir. Səni gah göyün yeddinci qatına qaldırır, gah da min ilin unudulmuşuna çevirib tozlu xatirələr yığınına qərq edir.
Dekabrın 16-da Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Fərəc Qarayevin zəngin musiqi və sənət duyğularının təcəssümü olan “Eşqə səyahət” (“Journey to love”) soprano və kamera orkestri üçün mono-operasının nümayişi dəyərli nümunə kimi qəlbləri riqqətə gətirdi. Soyuq dekabr axşamında bət-bənizimizə eşq adlı ilahi qüvvə ilə hərarət bəxş edən bu həzin duyğulu əsər ilk notlarından izləyənləri ovsunladı.
“Zamanla üz-üzə” III müasir musiqi layihəsinin ilk premyerası olan tamaşa professor Fərəc Qarayevin 70 illik yubileyinə həsr edilmişdi. Bəstəkarın 1978-ci ildə qələmə aldığı əsər ilk dəfə 1991-ci ildə Almaniyanın Essen şəhərində səhnələşdirilib. Bu dəfə doğma şəhərdə ifa olunan musiqi əsəri zəngin melodiyası, fərqli çalarları ilə dinləyənləri ayrı bir aləmə apardı.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2007-2008-ci il mövsümündə keçirilmiş “Zamanla üz-üzə” layihəsi üzrə ənənəvi konsertlərə bu ilin dekabrında yenidən start verilib. Budəfəki layihə indiyədək Bakıda səhnələşdirilməyən müasir musiqi əsərlərini özündə ehtiva edir. Buraya XX əsr klassikasının inciləri - “Ervartunq” monodramı, “Əsgərin tarixçəsi” əsərləri, həmçinin görkəmli italyan bəstəkarı Salvatore Sciarrino tərəfindən 1998-ci ildə yazılmış və artıq dünyanın klassik musiqi nümunəsinə çevrilmiş “Gözümün xain nuru” operası daxil edilib. Əsər Bakıda italiyalı rejissor Katerina Panti Liberoviçi tərəfindən səhnələşdiriləcək. Bunlarla yanaşı, məşhur rus bəstəkarı Vladimir Tarnopolski tərəfindən 2006-cı ildə qələmə alınmış və həmin il Bonn şəhərində səhnəyə qoyulmuş “Kölgənin o biri üzü” kamera operasına alman rejissor Robert Vexler quruluş verəcək. Fərəc Qarayevin bədii rəhbərliyi ilə hazırlanan layihə zəngin proqramı ilə tamaşaçılara gözəl hisslər bəxş edəcək.
Layihənin startını təşkil edən “Eşqə səyahət” əsəri tamaşaçıları qarşıdakı gözəl sənət nümunələrinə dəvət baxımından da orijinal seçim idi. Gürcüstanlı rejissor Gela Kandelakinin quruluşunda hazırlanan mono-opera Azərbaycan Dövlət Filarmoniyası solistlər ansamblının müşayiəti, Ukraynadan dəvət olunmuş məşhur dirijor Vladimir Runçakın idarəçiliyində möhtəşəm səsləndirildi. Azərbaycanlı solist Fəridə Məmmədovanın qəhrəmanın hiss və həyəcanlarını ustalıqla dilə gətirən ifası, yüksək artistizmi səmimi və baxımlı idi.
Fonoqramda “Emerson”, “Lace g Palmer” qrupunun (İngiltərə) “Tarkus” kompozisiyasının fraqmentləri və Raməş Paşayevin (balaban) ifasında “Segah” muğamından hissələrin istifadəsi musiqi əsərinin ecazkarlığını artırmaqla yanaşı, onun rahat qavranılmasına da yardımçı olur.
Fərqli, diqqətçəkən elementləri ilə bizim tamaşaçılar üçün də yeni olan mono-operada istifadə olunan sountrakt (Vladimir Nikolayev, Rusiya), caz-fonoqram (Rövşən Yusifov, Rövşən Məmmədov), eləcə də deklamasiya (Jeyms R. Hart, ABŞ) onun təsir gücünü artırmaqla yanaşı, effektivliyinə də müsbət təsir edirdi. Musiqiçinin yüksək zövqlə etdiyi bu əlavələr qəhrəmanın yaşantılarının musiqili ifadəsinə kömək edirdi.
Qəhrəman səssiz çöldə iztirablar içində çırpınır, fikirlərini, içində boğulan hisslərini gizlədən qadın kor-koranə sevmək dəhşətində qıvrılır. Əslində bu qadın bir zamanlar xoşbəxt idi. Lap nağıllardakı kimi: biri vardı, biri yoxdu, tənha bir adam vardı. Ona tam bədbəxt deyə bilməsək də, sadəcə bircə dəfə həyat onun üzünə gülmüş, bütün həyatı boyunca arzuladığı qadını tapmış və onunla birgə səadətinə qovuşmuşdu. Lakin bir müddət keçdikdən sonra o, anlamağa başladı ki, həqiqət sandığı hazırkı həyatı bir ilğım, elə onun özü tərəfindən yaradılmış əsatirdir. Bu yalan, qırıq xəyallar və onun sonundakı uçurum necə də dəhşətlidir.
Bütün bu dağınıq hisslər musiqinin dili ilə qüvvətləndikcə tamaşaçı məntiqli sonluğa köklənir və inanır: hər şey çirkin xəyanətlə bitdi və onlar ayrıldılar.
İfaçı iztirablarını son dəfə dilə gətirir və sükutla səhnədən gedir. Sonra dəniz uğultuyla bu gedişə səs verir. Tənha olmaq dəhşətdir, deyilmi?
Bu sarsıdıcı, təlatümlü və bir o qədər də ağır sualın ardındakı qısa sükutu gurultulu zaldan alqış səsləri pozdu. İzləyicilər bu bənzərsiz gecə və onun müəllifinə təşəkkürlərini gül dəstələri və “bravo” nidaları ilə bildirdilər.
Həmidə Nizamiqızı