...Hər gecə qaranlığın gözünün içərisinə dalaraq... beləcə donaraq... ötən günlər, illər, bir ordu əziz-xələf xatirələr, bütün günümün küfrü, savabı, göz yaşları, hiss-həyəcanı yarıaçıq ovcumun içərisindən süzülür göy üzünə...
...Uşaqdım mən, eynilə beləcə - indiki sayaq qaranlığa dalardım, adını bilmədiyim, tanımadığım, heç görmədiyim varlığın peyda olacağını gözləyərdim... gələcəkdi... dostum olacaqdı... dinləyəcəkdi bütün sıxıntılarımı, heç danışmağa gərək də olmayacaqdı... O hər şeydən xəbərdar - qəribə dost olacaqdı...
1997-ci ildə Dövlət Kukla Teatrında işə başladım. Məni işə Rəhman Əlizadə götürmüşdü və ilk baxdığım oyun onun qələmə aldığı, quruluş verdiyi “Damdabaca” olmuşdu... “Damdabaca” sözünü ilk dəfə eşitdiyim, hər dəfəsində heyranlıq və həyəcanla baxdığım oyun... həyatın özü... həyatımın özü... uşaqlıq duyğularının, arzusunun canlı təsviri kimi...
...Sənəti müqəddəsləşdirən, sənətkarı dahiləşdirən o möhtəşəm an budur - qaranlıq... pərdələr qalxır, dekorların, rəngbərəng işıqların, sözün, mizanın arasında - illərlə ürəyinin içərisində gizli qalmış, özünün belə unutduğun, adını tapa bilmədiyin hisslərinin ətə-qana gəldiyini izləmək... həsrət qaldığını tapmaq... bir də heç vaxt itirməmək... unutmamaq...
...Sənin ürəyin tək deyilmiş, bax, içərində qoruyub saxladığın balaca qızcığazı kəşf edərək sənin özünlə tanış edən, onun qayğısına qalan və “çalış, onu heç vaxt itirməyəsən” deyə israrla tövsiyə edən qəribə... çox qəribə - Rəhman Əlizadə - özü də bilmədən Damdabaca doğulubmuş...
... 19 dekabr - sənin doğum günündür... 279 gündür yoxsan...
...İnsan öləridir... mən də öləcəyəm... Ətraf mühitin, udduğum havanın, tanıdığım üç-beş adamın həyata və ölümə dair baxışlarının ağızucu yorumlarının yükləndiyi beynimin 279 gündə - ruhuma sayıqladığı inanılmaz sakitləşdirici təsirə malik cümlə... mən də öləcəyəm...
...Və ürəyimə yalnız ruhumun hiss edə biləcəyi zəif işıq süzülür... mən dünyaya çox qəribə, ilahi istedadlı - Rəhman Əlizadəni tanımağa gəlmişəm... Bir ordu əziz-xələf xatirələri xatirəyə çevrildiyi andan başlayaraq ciyərimdə nəfəs kimi daşımağa... oyunla başlanan... zamanlanan bu dünyada onun quruluş verdiyi səmimi, məzəli, qüssəli “oyunlarda” oynamağa, ən savadlı, dahiyanə əsərləri hərfbəhərf, cümləbəcümlə toplamağa, yaddaşımı qazımağa, hər gecə “süzülsün nurlu misraları yalqızlığıma” deyə “nə şən, nə də çox həzin nəğmələr”in içərisinə dalmağa... pıçıltılı dualarımın ardınca bu dünyadan o dünyaya nigaran-nigaran boylanmağa... qanadlanmağa, Damdabaca həsrətimin möhürlədiyi gələcək sabahlarımın...düşəcək gecələrində - yox oluncayadək gözləməyə gəlmişəm...
Damdabaca,
Qaranlıqda, işıqda gəl,
Gizlində yox, aşkarda gəl.
Mən gətirməyim özün gəl,
Sözümdə yox, fikrimdə yox,
Gözümdə gəl!
Gəl
Susqunluğun son həddində,
Hər gün bir günün cildində,
Canıma qəsd istəyəndə.
Damdabacam,
Sönmüş ocaqdandır
Tüstülənən bacam...
Nağıl dolu Damdabaca!
Gələcəksən,
Səni nağıl danışmağa qoymayacağam!
Susacaqsan!
Çünki mən danışacağam...
Bilirsən, nə qədər nağıl qoşmuşam...
Deyəsən səni körpəlikdən -
Mən hər yerdə uydurmuşam...
Hər yerdə -
Mütəkkədə, evciklərdə,
İşıq gələn pəncərədə,
Tir-tir əsən cücərtidə,
“Ağac” adlı rəfiqəmdə,
Daha kimdə, daha nədə...
Damdabacam,
Sənə acam!
Gələcəksən,
Əvvəlcə qollarımı boynuna sarıb
Süst dayanacağam...
Oturacaqsan,
Tez ayaqlarına sarılıb
Dizinə baş qoyacağam...
Saçıma əl gəzdirəndə
Əlini tutub ovcumda sıxacağam...
Üzümü ovcunda gizlədib
Öpəcəyəm, qoxlayacağam...
Damdabacam,
Səni getməyə qoymayacağam!..
Səni ömürlük yaşadacağam!..
Sənin üçün yaşayacağam!..
Yaşa mənim üçün, Damdabaca!..
Cəmilə Allahverdiyeva