Akademik Milli Dram Teatrında məşhur irland dramaturqu Semuel Bekketin pyesi əsasında “Kreppin sonuncu lent yazısı” monotamaşası hazırlanır. Əməkdar incəsənət xadimi Oruc İzzətoğlunun quruluş verdiyi tamaşada Xalq artisti Nurəddin Mehdixanlı çıxış edir.
Dünya ədəbiyyatı və teatrı tarixində absurd dramaturgiyanın yaradıcılarından sayılan S.Bekketin əsərləri bir çox ölkələrdə tamaşaya qoyulub. XX əsrdə meydana gələn absurd ədəbiyyatı qeyri-real süjetlərlə gerçəkliyin eybəcərliyini, mənasızlığını göstərir. Məşhur teatr tənqidçisi Martin Esslin fransız yazıçısı, dramaturqu və filosofu Alber Kamyunun «Sizif haqqında mif» əsərindən götürülmüş parçadan istifadə edərək bu janra ad vermişdi. Alber Kamyu öz əsərində müasir dünyada heç bir məna, məntiq görmədiyindən bu aləmi tamamilə mənasız (absurd) saydığını deyirdi.
Azərbaycanda indiyədək S.Bekketin yaradıcılığına bir neçə dəfə müraciət olunub. İlk dəfə Dövlət Gənclər Teatrında rejissor Əliyar Əliyev dramaturqun “Qodo həsrətində” əsərinə (1989) quruluş verib. Daha sonra bu pyes Xalq artisti Cənnət Səlimovanın quruluşunda Kamera Teatrında (2006) səhnə təcəssümü tapıb. Ədibin “Ümid” əsəri isə “Yuğ” və Pantomima teatrlarında tamaşaya qoyulub. Milli Dram Teatrı irland dramaturqun yaradıcılığına ilk dəfə müraciət edir.