Çox qalırsan bu qərarsızlıqda. Çox didib-dağıdırsan ruhunu, boğulursan içində. Şeytanla mələk arasında sıxılıb özünü birincidən xilas etməyə çalışırsan. Ya da görünüş və yalançı əxlaqa sığınıb meydan sulayırsan. Ta kimlərinsə oyuncağına çevrilənəcən bu əxlaq yuxusuna dalırsan... İçimizdəki şeytan daim pusqudadır və qalib gəlmək üçün dəridən-qabıqdan çıxır. Gah bizi ehtiras girdabında sıxır, gah da cah-cəlal tamahında əridib mum edir...
Bu günlərdə Azərbaycan Dövlət Yuğ Teatrında belə mətləblərlə yüklü “Eşq” yaxud “Biz doğmayıq” adlı dramatik zikr izlədim.
Əslində insanlıq eşqlə doğma və ya ögey ola bilir. Bu həqiqətdir. Amma bu anda eşqdən öndə bir tən də var: ətdən, qandan, candan ibarət insan. Deməli, insan, onun ali hisslərinin təlqini, yəni tərbiyələnməsi günün prizmasından baxanda sadəcə xülya, ya da cəfəngiyatdır. Yəni tribuna alıb insanlara bu doğru, o yanlış, bu halal, o haram və s. demək olmur. Çünki insanların sayı qədər baxış var, mövqe var. Anlayışlara hər kəsin eyni cür yanaşmasını düşünmək absurddur...
Təqdim olunan tamaşanın ideya qaynağı, istinad yeri böyük filosof, şair Mövlana Cəlaləddin Ruminin məşhur “Məsnəvi”si, onunla bağlı yazılmış tədqiqat əsərləri idi. Rejissor içində püskürənləri Mövlananın dili ilə deməklə həm “ağıl öyrədən” istehzasından qurtulmuş, həm də həqiqətləri onun dərin fəlsəfəsi vasitəsilə açmağa çalışmışdı. Bu mənada ad da uğurlu idi: “Eşq”. Onun da açılımı vardı: “Biz doğmayıq”. Deməli, başlamaq və bitirmək, əvvəl və son arasında uzun, amma çox həssas yolda bələdçi aydındır. İnsan eşqlə yarandığından ondan uma, bəhrələnə və hətta bütün bəd əməllərindən bu yolla qurtula bilər.
Bu tamaşa Aytən Məmmədovanın gənc rejissor kimi ikinci müstəqil işi idi. Bundan əvvəl onun Yucin Onilin “Qarağaclar altında ehtiraslar” əsəri əsasında hazırladığı “Kölgə” tamaşasına da baxmışam. Teatrın poetikasını bilən, sadə mətləblərə diqqət çəkməkdə maraqlı yol cızan rejissordur. O, bu tamaşasında da ənənəsinə sadiq qalmışdı. Tanış, ibrətli, məlum vacib mətləblər yenə dilə gəldi bu tamaşada. Təbii ki, psixosof teatr estetikasında. Baxın necə: içindəki etirazın səssizliyindən təngə gələn dörd nəfər daxilindəki aqressivlikdən qurtulmaq, əslində şeytana qalib gəlmək üçün onlara əmanət olunmuş zikr təsbehindən istifadə edərək fəna halına çatmağa çalışırlar. Təbii ki, hər kəs ilk olaraq “mən”dən başlamaq, onu azad etmək istəyir. Amma gəl ki, “özgə gözündə çöp axtarmaq”la. Məsələn, Mürşidlə (Məmməd Səfa) Müridin (Qasım Nağı) deyişmə-döyüşmələri. Biri imanı kamil, əli haqqın ətəyində, özündən, nəfsindən əmin, digəri isə mürşid olmaq yolundakı səbirsiz, günahkar (!), bir az da sadəlövh.
Demək, Mürşid fahişəxanadan qaçan, azadlığa qovuşduğuna görə sonsuz səadətə çatan, hər əngəli aşacağına əmin ürkək qadını (Könül Cəfərzadə) qucağına alıb çayın o tayına keçirir. Ona “Rəbbim bütün günahlarını bağışladı. Qardan paksan, get, get!” - deyə təsəlli verir.
Bu isti münasibət əxlaqsız qadına heç vaxt hiss etmədiyi yüngüllük, təmənnasızlıq gətirsə də, Müridi narahat edir, onun ustadına eyib tutmasına, ittiham etməsinə rəvac verir. O, qəti qələbə əminliyi ilə: “Sən o əxlaqsız qadına toxunmamalıydın!” - deyir. Qadına toxunuşu ehtiras oyadıcı fürsət sanıb özündən qovmağa çalışdığından Mürşidin də günaha batdığına inanır. Çünki o, sadəcə zahiri görür, batini duya bilmir. Amma Mürşid özündən arxayın halda “Mən ona yardım elədim və qucağımdan düşürdüm” - deməklə Müridin ümidlərini qırır. “Sənsə onu hələ də qucağından yerə qoya bilmirsən!” - deyir, onun batinindən soraq verir.
Səbirsiz, sadəlövh və bir o qədər də iddialı Müridsə hələ uzun yolun lap başlanğıcındadır, həm də inadkardır. Şübhə və tərəddüdlərdən sıxıldığına görə əsəbi və yorğundur. O, Mürşidinin səhərdən axşama kimi işləyən, qab-qazan yuyan, süpürgəçilik edən qadınları mənəvi cəhətdən zəngin adlandırılması ilə barışmır.
Bunu büruzə verəndə o dəqiqə cəzasını alır, şallaqlanır. Tamaşada Müridin Mürşidinin qəzəbinə tuş gəlməsi, iki fərqli dünyagörüşün toqquşması çox maraqlı idi. Şallaqlar dəydikcə sanki lənətlər yağmır, haradansa bir səs hər iki cana - vuran və vurulana “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol!” - deyirdi.
Səhnə əsərində Mürşidlə Mürid arasındakı bu natarazlığın bünövrəsi olan iki qadın var. Onlardan birincisi (Təranə Atacan) təhrikçi, səbəbkar və günahkardır. Eyni zamanda xoşbəxtdir, hər gün eşqlədir. İkinci isə (Könül Cəfərzadə) azad olmaq, paklanmaq və bu paklıqda ənginliklərə ucalmaq, ucaltmaq, eşqi aliləşdirmək təbindədir.
Tamaşada vahid ideya ətrafındakı gəzişmələr bir az dağınıq, pərakəndə, natamam təsiri bağışlasa da, zikr təsbehi onları tez-tez birləşdirirdi. Sanki onlar bir təsbehin yerə səpələnmiş dənələri idi. Hərə bir tərəfdən o muncuqları yığmağa, sapa düzməyə çalışırdı.
Tamaşanın musiqi tərtibatı (Ramiq Mehdi, Mələk Vəlizadə) və müəyyən rəqs elementləri (K.Cəfərzadə), ruhun səslənməsi, dilə gəlməsi, hiddətin ifası (T.Atacan, Q.Nağı) təsirli idi.
Həmidə Nizamiqızı