Dekabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevin “Qobustan kölgələri” baletinin premyerası oldu.

Səhnə əsərinin quruluşçu baletmeysteri Maksin Brahan (Böyük Britaniya), quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayevdir. Tamaşada xalq artistləri Kamilla Hüseynova, Gülağası Mirzəyev, əməkdar artistlər Tamilla Məmmədzadə, Alsu Qimadiyeva və başqaları çıxış edirlər.
Qobustanın qədim sakinlərinin həyatından bəhs edən balet insanın formalaşması prosesində təbiət qüvvələrinin ram edilməsini özündə əks etdirir. Bu təkamül prosesi həm də insanın dərrakə və iradəsinin təcəssümü, münasibətlərinin qurulması və yaradıcı fəaliyyətinin, gözəlliyinin təsdiqidir.
Səhnədə qəbilə üzvləri ocaq ətrafına yığışıb dilim-dilim alovlanan oda tamaşa edirlər. Gələcəyi görə bilən bir qadın rəqs edə-edə ətrafdakılara baş verə biləcək hadisələrdən danışır. Bu zaman gözlənilmədən bərk külək əsir. İnsanlar odu qoruyub saxlamağa çalışırlar. Göstərilən cəhdlər heç bir nəticə vermir və külək odu söndürür. Getdikcə külək güclənir, ildırım çaxır. Birdən güclü yanğın baş verir və odun şöləsi ətrafı işıqlandırır. İnsanlar bundan təlaşa düşürlər. Hamı qaçıb oddan xilas olmağa çalışır. Yalnız bir cəsarətli insan odla üz-üzə qalır və nəhayət, odu ram edə bilir...
Külək sakitləşir, yağış dayanır, hiss edirsən ki, artıq günəşin qürub çağıdır. Ətrafa yavaş-yavaş qaranlıq çökür. Qadınlar günəşin yenidən çıxması və həyatın canlanması üçün ayin keçirirlər. Kişilər heyvanları izləyib ovlamaq üçün bir yerə toplaşırlar...
Sonrakı səhnələrdə izləyirik ki, ata maral balası ilə oynayan qızına tamaşa edir. Bundan təsirlənərək qayanın üzərində heyvanın təsvirini çəkir. Qaya üzərində şəkil çəkmək qızı heyrətləndirir. Onda bu yeni fəaliyyət növünə maraq oyanır. Atası ov zamanı baş verənləri xatırladıqca, qızı qaya üzərində bu səhnələrin təsvirini yaradır. Onlar maraqlı, son dərəcə əhəmiyyətli bir hadisənin baş verdiyini anlayırlar. Ətrafdakı insanları başlarına yığıb bayram edirlər.
Tamaşada hadisələri izlədikcə incəsənətin, daha doğrusu, insanın yaradıcılıq təntənəsinin şahidi olursan. Keçmişin əks-sədasını izləməklə gələcəyin nikbin duyğularına bürünürsən.
S.Fərəcov