Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında çəkilən “Mahmud və Məryəm” filminin premyerasından, “Ulduzlar altında ölüm” (“Qatil”) əsərinin tamaşasından sonra daha bir əsəri - “Şekspir” pyesi Türkiyə sənətsevərlərinə təqdim olunub.
İstanbul Böyükşəhər Bələdiyyəsi Teatrının Üsküdardakı Kərəm Yılmazer səhnəsində anşlaqla keçən premyera böyük maraqla qarşılanıb.
Tamaşaya quruluş verən aktrisa və rejissor Məlahət Abbasovanın sözlərinə görə, Üsküdar Kərəm Yılmazer səhnəsinin bədii rəhbəri Hilmi Zafer Şahin Bakıda bu əsərə rejissor Bəhram Osmanovun quruluşunda baxandan sonra onu Türkiyədə səhnələşdirmək qərarına gəlib: “Gərgin səylərimiz nəticəsində belə gözəl tamaşanı ərsəyə gətirdik”.
Məlahət Abbasova dörd il əvvəl İstanbul Böyükşəhər Bələdiyyəsi Muhsin Ertuğrul səhnəsində böyük uğurla göstərilən “Qatil” tamaşasına, eləcə də Xalq yazıçısı Anarın “Təhminə və Zaur”, Xalq şairi Bəxtiyar Vahabzadənin “İkinci səs” əsərlərinə də səhnə həyatı verib. Onun sözlərinə görə, bəşəri ideyalar daşıyan, insanlığın əzəli və əbədi problemlərinə toxunan “Şekspir” tamaşasının onların arasında xüsusi yeri var.
Türkiyənin tanınmış səhnə ustaları - Sezai Aydın, Hakan Arlı, Selma Kutluğ və digərlərinin oyunu sürəkli alqışlarla qarşılanıb. Ayhan Aydoğanın səhnə tərtibatı da əsərin fəlsəfi-psixoloji missiyasını gözəl şəkildə tamamlayır. Səhnədəki böyük beyin maketi, onun açılmasından sonra ortaya çıxan zaman məfhumu və fələyin çarxını xatırladan orijinal üslub yüksək peşəkarlıq nümunəsidir.
Hadisələrin cərəyan etdiyi ruhi əsəb xəstəxanası, müəllifin burada “Stalin”, “Sara Bernar” və yad planetli adlandıran ruhi xəstələrin adından tamaşaçıya təqdim etdiyi fəlsəfi özünüdərk postulatı bütün dinlərdən və millətlərdən olanları düşündürən məsələlərdir. Hakan Arlının ustalıqla yaratdığı baş həkim obrazı bir ictimai-siyasi formasiyadan digərinə keçid dövründə yaşadığı dərin mənəvi-psixoloji problemlərin yaratdığı sarsıntıdan ruhi xəstələrə həsəd aparan həkimin faciəsinin səhnə təcəssümüdür. Aktyor Sezai Aydının canlandırdığı “Stalin” ləqəbli xəstənin dilindən isə dünyanın böyük bir hissəsində insanlığın məruz qaldığı cinayət, kataklizm və tragikomik hadisələr təqdim olunur. Bəstəkar Aygün Səmədzadənin yazdığı mistik musiqi səhnə əsərini daha baxımlı edir.
İstanbul teatrsevərlərinin rəğbətlə qarşıladığı “Şekspir” tamaşası yanvarın 22-26-da Ümraniye səhnəsində də göstəriləcək. Tamaşanın aprel-may aylarında Bakıda da göstərilməsi planlaşdırılır.