1908-ci il yanvarın 12-də (yeni təqvimlə 25 yanvar) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında (indiki Musiqili Teatrın binası) dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası tamaşaya qoyulub. Bununla Üzeyir bəy Azərbaycanda peşəkar bəstəkarlıq sənətinin təməlini qoydu. «Leyli və Məcnun» ilə musiqi tarixində operanın yeni növü - muğam operası meydana gəldi.
Opera dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poemasına əsaslanır. Bəstəkarın fikrincə, Füzuli poemasının ruhu, lirikası məhz muğam kimi möhtəşəm bir musiqi ilə təcəssüm oluna bilər: “Mənim vəzifəm ancaq Füzuli poemasının sözlərinə forma və məzmunca zəngin, rəngarəng muğamlardan musiqi seçmək, hadisələrin dramatik planını işləyib hazırlamaq idi”.
Ü.Hacıbəyli məqalələrindən birində «Leyli və Məcnun»un yaranma tarixini işıqlandıraraq yazırdı ki, 1897-1898-ci illərdə, on üç yaşında olarkən, doğma şəhəri Şuşada «Məcnun Leylinin məzarı üstündə» adlı musiqili səhnəyə baxır. Həmin səhnəni yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev Şuşanın tanınmış musiqiçilərinin köməyi ilə tamaşaya qoymuşdu. Məcnun rolunun ifaçısı Cabbar Qaryağdıoğlu idi. Üzeyir bəyin yazdığına görə, bu tamaşa onun yaddaşına həkk olunur. Qori Müəllimlər Seminariyasını bitirib Bakıya gələndən sonra o, məhz Füzulinin «Leyli və Məcnun»u əsasında opera yazmaq qərarına gəlir.
«Leyli və Məcnun» operasının ilk tamaşasına aktyor və rejissor Hüseyn Ərəblinski quruluş vermişdi. Dirijor yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev idi. Tamaşanın bədii tərtibatında publisist, rəssam Əli bəy Hüseynzadənin rolu olmuşdu. İlk tamaşanı müşayiət edən orkestr Üzeyir bəyin seminariya yoldaşları olan həvəskar musiqiçilərdən ibarət idi. Muğam hissələrini ustad tarzənlər Qurban Pirimov və Şirin Axundov müşayiət edirdilər. Məcnun rolunun ilk ifaçısı görkəmli teatr və musiqi xadimi Hüseynqulu Sarabski idi.
Leyli rolunun ifaçısını tapmaq isə çox çətin idi. O dövrdə müsəlman qadınlarının səhnəyə çıxmasına yol verilmirdi, qadın rollarını kişilər ifa edirdi. İlk tamaşada Leyli rolunun ifası məlahətli səsə malik Fərəcov soyadlı bir gəncə tapşırıldı. Sonralar isə Leyli rolunda məşhur ifaçı Əhməd Ağdamski çıxış etmişdi.
Bir əsrdən çoxdur ki, «Leyli və Məcnun» operası səhnədədir. Bu dövr ərzində neçə-neçə görkəmli xanəndələr Leyli və Məcnun rollarının gözəl ifaçıları kimi tanınıb. Məcnunlar, Leylilər nəsil-nəsil bir-birini əvəz edir. Əsər isə təravətini itirmir, Azərbaycan milli operasının inkişaf yolunu işıqlandırır.