Yanvarın 29-da Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Xalq artisti Şəfiqə Axundovanın “Gəlin qayası” operası nümayiş etdiriləcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, operanın təqdimatı müəllifin 90 illiyinə həsr ediləcək.
Şərqin qadın bəstəkarları arasında ilk dəfə olaraq məhz Şəfiqə Axundova opera janrına müraciət edib və 1972-ci ildə Xalq yazıçısı Süleyman Rəhimovun eyniadlı povesti əsasında bəstələdiyi “Gəlin qayası” operası ilə yaradıcılığında ən yüksək zirvəyə qalxıb. Müəllif bu opera ilə dahi bəstəkar Üzeyir Hacıbəyli məktəbinin layiqli davamçısı olduğunu, onun ideyalarına, tövsiyələrinə sadiq qaldığını bir daha təsdiq edib. “Gəlin qayası” operasında qəhrəmanların ariyalarla yanaşı, muğam parçaları ifa etməsi bəstəkarın xalq musiqisini çox mükəmməl bilməsindən və ondan düzgün istifadə etməsindən irəli gəlir.
Həmidə Nizamiqızı