Cakomo Puççininin “İl Tabarro” operası ilk dəfə Bakı səhnəsində
Yanvarın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Cakomo Puççininin ən maraqlı əsərlərindən olan “İl Tabarro” (“Plaş”) operasının premyerası olacaq.
Bu əsərin ilk tamaşası 1918-ci ildə Nyu-Yorkda Metropoliten-Operanın səhnəsində baş tutub və böyük uğur qazanıb. Həmin vaxtdan “İl Tabarro” dünyanın qabaqcıl opera teatrlarının repertuarında yer tutur. Əsər gözəl musiqisi və kəskin dramatik süjet xətti ilə seçilir.
Puççininin bu operası Azərbaycanda ilk dəfə tamaşaya qoyulur. Opera və Balet Teatrının rəhbərliyi əsəri səhnələşdirmək üçün Almaniyanın tanınmış opera sənəti ustalarını - quruluşçu rejissor Lüdviq Bauman və dirijor Korneliya fon Kerssenbrofku dəvət edib. L.Bauman uzun illər Münhen Opera və Balet Teatrında aparıcı solist, sonra quruluşçu rejissor kimi çalışıb. Hazırda o, Bavariya opera sənəti festivalının baş direktoru, xanım Korneliya fon Kerssenbrofk isə festivalın musiqi rəhbəri və dirijorudur. K.Kerssenbrofk bir neçə ildir ki, Azərbaycan Opera və Balet Teatrı ilə fəal əməkdaşlıq edir.
“İl Tabarro” operasında teatrın aparıcı solistlərindən Əməkdar artistlər Fəridə Məmmədova, Gülnaz İsmayılova, Səbinə Əsədova, gənc vokalçılar Afaq Abbasova, Fərid Əliyev, Anton Ferştandt, Əliəhməd İbrahimov, Tural Ağasıyev və Tələt Hüseynov çıxış edəcəklər. Tamaşanın konsertmeysteri Vəfa Əzizovadır.