Yanvarın 14-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində dramaturq və aktyor Məcid Vahidzadənin eyniadlı əsəri əsasında hazırlanmış “Bir səbət tənhalıq” tamaşasının premyerası keçirildi.

Nümayişdən əvvəl quruluşçu rejissor, Əməkdar artist Nofəl Vəliyev tamaşa haqqında fikirlərini bölüşdü. Səhnə əsərində çox aktual məsələyə toxunulduğunu dedi: “Bu gün fiziki qüsurlu insanların cəmiyyətə adaptasiya olunması nə qədər diqqət mərkəzindədir və ictimaiyyət tərəfindən bu, birmənalı qəbul edilirmi? Tənhalıq dedikdə tamaşaçıların xəyalında ilk olaraq yalnızlıq və darıxdırıcılıq təəssüratı formalaşır. Ancaq burada mövzu mənəvi tənhalıqdan gedir”.
Rejissor bildirdi ki, əsərdə əsas bəyəndiyi cəhət iki tənha qəlbin saf sevgisidir: “Hətta bir müddət düşündüm ki, tamaşanı “Melodrama” adlandırım. Daha sonra fikirləşdim ki, bu ad tamaşaçını çaşdıra bilər. Ona görə də tamaşanı “Bir səbət tənhalıq” adlandırdıq. Əsərə baxan hər kəs belə nəticəyə gələcək ki, sən demə, insan qəlbindəki sevgi belindəki şikəstliyi dikəldə bilərmiş”.
Kiçik səhnədə işıqlar yanır... Səliqəsiz bir otaq. Dörd tərəfdə əzilmiş vərəqlər və bu vərəqlərdə müxtəlif rəsmlər. Fiziki qüsuru olan qız valideynlərinin ona münasibətindən sıxılır, acı çəkir. Cəmiyyətin ona olan münasibətini ürək yanğısı, göz yaşları içində danışır. Hərdən sevinir, hərdən də məyus olur. Valideynləri onun qüsurundan utandığına görə üzülür. Onu otağından çıxmağa qoymurlar, cəmiyyətdən təcrid ediblər.
Fiziki qüsurlu gənc qız və bəxtsiz cavandan bəhs edən tamaşada rolları Güşvər Şərifova və Eşqin Quliyev ifa edir. Tamaşa bütünlüklə əlil insanların cəmiyyətə inteqrasiya olunmasını diqqət mərkəzində saxlayır. Bizim bu insanlara münasibətimiz, qayğımız hansı səviyyədədir? Bu insanların mənəvi tənhalıqları, çəkdikləri iztirablardan xəbərimiz varmı? Səhnə əsəri ilə rejissor cəmiyyətə hansı mesajları ötürür? İki tənha qəlbin nəhayət bir-birinə qovuşması sonda tamaşaçıda əminlik yaradır ki, həyatda hər kəsin bir sevgi haqqı var və heç kim qüsurlu doğulmaqdan sığortalanmayıb.
İki nəfər üçün oyun kimi hazırlanan tamaşanın səhnə tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı isə İradə Muradovadır.

Lalə