Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov 24-26 yanvar tarixlərində İran İslam Respublikasında işgüzar səfərdə olacaq. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, direktor Tehranda keçiriləcək 32-ci “Fəcr” Beynəlxalq Teatr Festivalına fəxri qonaq kimi dəvət olunub. İ.İsraflovun festivalda iştirakla yanaşı, İranın teatr xadimləri ilə görüşəcək, qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri haqqında müzakirələr aparacaq.
Xatırladaq ki, İranın mədəni həyatında böyük əhəmiyyət kəsb edən “Fəcr” festivalı hər il Tehranda və ölkənin digər şəhərlərində keçirilir. Bu il festival 16 yanvar-1 fevral tarixlərində gerçəkləşəcək. Tədbirin proqramına İranın və xarici ölkə teatrlarının ən uğurlu tamaşaları daxil edilir. 2013-cü ildə Akademik Milli Dram Teatrı festivalda Afaq Məsudun pyesi əsasında Mehriban Ələkbərzadənin quruluş verdiyi “Qatarın altına atılan qadın” tamaşası ilə ölkəmizi təmsil etmişdi.