Yanvarın 29-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında unudulmaz bəstəkar, Xalq artisti Şəfiqə Axundovanın “Gəlin qayası” operası nümayiş olunub. Məşhur operanın budəfəki nümayişi müəllifin 90 illik yubileyinə həsr edilib.
Tamaşadan əvvəl Azərbaycan Bəstəkarlar İttifaqının katibi, musiqişünas Lalə Hüseynova çıxış edərək Şəfiqə Axundovanın sənət yolundan söz açıb. Vurğulanıb ki, bütün ömrünü musiqiyə həsr etmiş, dahi bəstəkar Üzeyir Hacıbəylinin tələbəsi olmuş Şəfiqə Axundova gözəl mahnı bəstəkarı kimi sevilir.
O həm də Şərqdə ilk opera yazan qadın bəstəkar kimi adını tarixə yazıb. 1972-ci ildə Xalq yazıçısı Süleyman Rəhimovun eyniadlı povesti əsasında yazdığı “Gəlin qayası” operası ilə bəstəkar yaradıcılığında ən yüksək zirvəyə qalxıb. Bu opera ilə Şəfiqə Axundova dahi bəstəkar Üzeyir Hacıbəyli məktəbinin layiqli davamçısı olduğunu, onun tövsiyələrinə sadiq qaldığını bir daha təsdiq edib. “Gəlin qayası”nda qəhrəmanların ariyalarla yanaşı, muğam parçaları ifa etməsi bəstəkarın xalq musiqisindən mükəmməl şəkildə istifadə etdiyini göstərir.
Sonra opera nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.
Əsas rolları xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Şahlar Quliyev, Əli Əsgərov, əməkdar artistlər Gülüstan Əliyeva, Sahibə Abbasova, Nizami Bağırov ifa ediblər.