Bakı Uşaq Teatrı “Bizim teatr” adlı növbəti festival təşkil edəcək. “Bir teatr - bir festival” layihəsi çərçivəsində təşkil edilən tədbir martın 27-29-da Bakıda keçiriləcək.
Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi ilə baş tutacaq festivalın məqsədi hər bir aktyorun diqqət mərkəzində olmasına şərait yaratmaq, onlara öz bacarıqlarını nümayiş etdirmək üçün meydan vermək, Azərbaycanda festival ənənəsinin genişlənməsinə vasitəçi olmaqdır.
Hazırda Bakı Uşaq Teatrının aktyorları ikinci festival üçün öz tamaşalarını hazırlayırlar. Onlardan bəziləri mono tamaşa, bəziləri isə iki və daha artıq aktyorun iştirakı ilə qurulan tamaşalardır. Festivalda iştirak üçün janr və mövzu məhdudiyyəti qoyulmayıb. Açılış 27 Mart - Beynəlxalq Teatr Günündə Azərbaycan Teatr Xadimləri İttifaqının tamaşa zalında olacaq. Festivala qonaq qismində Türkiyə, İran, Gürcüstandan teatr kollektivlərinin qatılacağı gözlənilir.