Tanınmış azərbaycanlı tenor, 15 ilə yaxın İtaliyada çalışan Yusif Eyvazov Roma Opera Teatrında məşhur bəstəkarı Cakomo Puççininin “Manon Lescaut” operasında çıxış edib.
“Manon Lescaut” ilk dəfə 1893-cü ildə İtaliyanın Turin şəhərində səhnəyə qoyulub və ötən müddətdə bir çox opera teatrlarının repertuarını bəzəyib.
Məşhur rusiyalı opera sənətçisi Anna Netrebko ilə bir səhnəni bölüşən Yusif Eyvazov tamaşada Des Grieux rolunu ifa edib. Operanın dirijoru əfsanəvi Rikkardo Muti, rejissoru isə Kiara Mutidir.
Tədbirdə İtaliya Prezidenti Ciorcio Napolitano və xanımı Klio Napolitano, Roma şəhərinin meri İqnazio Marino, yeni təyin olunmuş mədəniyyət və turizm naziri Dario Françeskini, məşhur mədəniyyət və incəsənət xadimləri, Romada akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər.
Bir neçə beynəlxalq müsabiqənin qalibi və mükafatçısı olan Yusif Eyvazov italyan musiqişünas Cianandrea Qavazzeni adına “Şərəf” medalının sahibidir.