“Mən” konsepsiyası

“Dəli deyir: “Mən Avraam Linkolnam”, əsəbi xəstə deyir: “Mən Avraam Linkoln olmaq istəyirəm”, sağlam insan isə deyir: “Mən - mənəm, sən - sənsən”.
İnsan özü-özüylə və onu əhatə edən dünya ilə hər bir zaman balanslaşır. Bu harmoniyanı saxlamaq üçün “bədənin müdrikliyinə” inanmaq, orqanizmin tələblərini dinləmək və onların reallaşmasına mane olmamaq lazımdır. Özü olmaq, öz “mən”inin mövcudluğuna inanmaq, öz tələblərini reallaşdırmaq - sağlam, harmonik bütöv olan insana məxsusdur. Bunların əksi isə qeyri-sağlam insanlara aid keyfiyyətlərdir.
Həqiqətdə, psixologiya elminin istiqamətləri olan psixoanaliz, ekzistensializm tərəfindən araşdırılan, insanın keçmişindən “qalan” fizioloji-psixoloji bu xəstəlik dramaturji-ədəbi kontekstə gətirilmişdir. Xalq yazıçısı Elçinin “Şekspir” pyesi ədəbi, elmi, dramaturji material olaraq təhlilə və müzakirəyə maraqlı olan əsərdir. Bu, əsərin müxtəlif teatrlarda səhnəyə qoyulması, müxtəlif rejissorların səhnə quruluşu verməsi ilə də öz təsdiqini tapır. Yazıçı tərəfindən önə çəkilən insanın daxili ilə fərdiyyətinin konflikti teatr üçün maraqlı olan problemə və vəziyyətə səbəb olur. Yazıçının yanaşması bir xəstəxananın divarları ilə əhatə olunmuş xəstələrin müxtəlif rollarda, müxtəlif obrazlarda oyununu müəyyənləşdirir. Akademik Milli Dram Teatrının səhnəsində bu tamaşa Petru Vutkereuya həvalə olundu. Teatrın qoşulduğu “GUAM-ın teatr məkanı” layihəsi çərçivəsində əməkdaşlığın məntiqli nəticəsi olacaq bu yaradıcı iş teatrların inteqrasiyasına da səbəb olacaqdır.
Petru Vutkereu - Kişinyovda Ejen İonesko adına Teatrın yaradıcısı və rəhbəridir. Rejissor yaradıcı işində dramaturji materialdan irəli gələn individual insan konsepsiyası - hərəkətin başlanğıcı, ruhun və hislərin poetikliyi tamaşanın əsas formulu kimi işlənmişdir. Lakin bütün bunlar səhnə məkanında uğurla reallaşması səhnə tərtibatının (Xalq rəssamı Nazim Bəykişiyev) və rəssam işinin (Ramin Bəykişiyev) düzgün, rejissorla harmonik yaradılmasıdır. Ağ pərdənin, daha doğrusu parça-parça bir-birinə tikilmiş, insan beyninin qövslərini xatırladan, bütövlüyü inkar edən arxasında ağ məkandan ibarət bu tərtibat təmizliyin, heç bir ləkənin ora toxunmasına imkan verməyən, təcavüzü, zorakılığı, terroru pisləyən məntiqli sonucdur. Bu məkanda isə xəstəxana və xəstələr yerləşir.
Ümumi görüntü yaratmaq istədiyim bu xəstələri bir neçə prinsipə görə təhlil etmək olar:
1. “İndi” prinsipi - “indi” individin bu dəqiqə nə etdiyidir. Bu xəstələr üçün zaman yoxdur, keçmiş xatirələr onlar üçün indi baş verənlərdir. Sara Bernar (Əməkdar artist Mətanət Atakişiyeva) məşhur dünya aktrisasıdır. Mətanət Atakişiyeva Sara Bernarı oynayır, Sara Bernar isə məşhur aktrisanı, keçmişdə olan məşhurluğunu. “Sara Bernar məşhur aktrisa rolunu inanılmaz dərəcədə gözəl oynayır” - Bernard Şou. Seçilmiş məşhur isim aktrisa M.Atakişiyeva tərəfindən zaman keçsə belə, “səhnə” məsumluğunu itirməyən, hətta dəlixanada belə məşhur aktrisa kimi yaşamağı bacaran həssas, həssas olduğu qədər də güclü obraz yaratmışdır. Sara Bernar M.Atakişiyevanın ifasında orta yaşı keçmiş, ingilis aktrisasına məxsus bədən zərifliyini itirmiş, Cülyettanın ən yaddaqalan ifaçısı kimi, Şekspirin ən sevimli aktrisası kimi, böyük səhnələri fəth edən Sara Bernarı xatırladır.
2. “Mən - sən” prinsipi - demək istədiklərini lazımi ünvana deyə bilməmək, ünsiyyət yaratmağın çətinliyi, daha doğrusu bütün dünya üçün aktual olan ünsiyyətə vasitəçi, danışmağa bir insan tapmamaqdır. Bu özünü Ər-arvadın (Şəlalə Şahvələdqızı) ifasında göstərir. Ər-arvad - Ş. Şahvələdqızının ifasında ərini itirən, bunun reallığını qəbul edə bilməyib, onu içində yaradan, yaşadan obrazdır. Aktrisanın yəqin ki, heç kəsin nəzərindən qaçmayan saçını tamamilə kəsdirib, əri oynarkən maraqlı kişi, parik salıb, arvadı oynarkən maraqlı qadın obrazı yaratması Ər-arvadın ikili yaşamı - tamaşanın ən rəngarəng komediya nöqtəsidir.
3. “Sona çatdırılmamış iş” prinsipi - “Mən acıqlıyam”. Həqiqətdə bütün ruhi xəstələrə məxsusdur. Onlar qəzəblidir, kimdənsə acıqlıdırlar. Stalin (Əməkdar artist Pərviz Bağırov) bunun əyani daşıyıcısıdır. Aktyorun Stalini - bizim yaddaşımıza həkk olunan Stalinin qəzəbli görünüşünə uyğun olmasa da, onun sonunu, cılızlaşmış, peşman olmuş Stalini göstərməyə çalışır. Monoloqlarında (baxmayaraq ki, bir az uzundur), etiraflarında aktyor sarsılır, bununla da hətta Stalinə belə biz acıyırıq.
4. Subyektivizasiya prinsipi - subyektinin nə olduğunu anlamamaq. Tamaşada Veneralı (Əməkdar artist Elşən Cəbrayılov) Yerdəki insanlar üçün müəmmalı həyatın, özgə bir planetin nümayəndəsidir. Aktyorun hərəkətlərindəki, jestlərindəki obyektini bilməməsi, yəni harada və niyə olduğuna şübhə ilə yanaşan və tamaşaçının da onun həqiqi dəliliyinə heç bir şübhə qoymayan obrazı yaratmışdır. Veneralı aktyorun ifasında nəcib xarakterli, lakin yardımçı obraz kimi görünür. Çünki tamaşanın digər mühüm qəhrəmanı Drob 13 (Anar Heybətov) də başqa planetdən gəlib, onların mahiyyətləri eynidir. Drob 13 aktyorun ifasında onun Yerdəkilərdən daha ağıllı, əsl elmin və mədəniyyətin sahibi olduğunu sübut edir. Onların teatrları olmasa da, özləri böyük elmin, kitabların məftunu, sahibidirlər.
Bu qəhrəmanlar öz arzularını istədikləri kimi gerçəkləşdirə bilmədikləri üçün öz “Mən”inindən uzaqlaşıblar.
Bəs onda bu xəstəxananın baş həkiminə, həkiminə, sanitarına nə olub? Baş həkim (Əməkdar artist Ayşad Məmmədov) aktyorun ifasında, bütün jestlərində, səsində özünün dəlilik kateqoriyasının həqiqiliyini doğruldur. “Səs - aktyorun intim imzasıdır” - Bart. Ayşad Məmmədovun səsi dəliliyin nümayişi üçün ən münasib və doğru seçimdir. Bundan başqa aktyorun tamaşa boyunca yaratdığı incə, həssas, eləcə də ləyaqətli, anlayışlı “həkim” əsas qəhrəmanlardandır. Son vaxtlar aktyorun ifaları bir-birinə bənzəsə də, ştamplardan istifadə etsə də, susqun və öz ideallarına söykəndiyi üçün hər bir zaman baxımlıdır. Baş həkimin işçiləri - həkim (Nigar Güləhmədova) və sanitar (Aslan Şirinov) dəlixananın deyil, elə güman oluna bilər ki, “katorqa”nın işçiləridirlər. Həkim həqiqi həyatından - evdə qadın, işdə kişi olmaqdan artıq bezmiş, “gündəlik” əzab-əziyyətlə yaşayan qadınların nümunəsidir. Sanitar Azərbaycanın demək olar ki, bütün xəstəxanalarında olan tibb bacılarının, sanitarların güzgüsüdür. Ya xəstənin yeməyini, ya da həkimlərin payını oğurlayan - daha doğrusu “götürən”, bununla da tibb - səhiyyə işçilərinin qiymətini aşağı salan insanlardılar. Aslan Şirinovun sanitarı tamaşanın əsas komediya - gülüş nöqtəsi olsa da, onun həddindən artıq “duzsuz” gülüşləri tamaşaçının əsəb nöqtələrinə toxunurdu.
“Şekspir” tamaşası dəfələrlə səhnələrdə, müxtəlif rejissorların quruluşunda nümayiş olunub. Lakin... Akademik Milli Dram Teatrının səhnəsində qoyulan bu tamaşa digərlərinə istər peşəkar rejissor işinə, istər aktyor ansamblının harmonik ifasına, istərsə də uğurlu rəssam işinə görə nümunə, teatrsevərlərə isə hədiyyədir. Həqiqi teatrın qapılarını mənəvi dünyanız üçün açıq edin. Bir daha təkrarən bilin ki, qidalanmaq nə qədər fizionomiyamız üçün vacibdirsə, mənəvi qida da mənəviyyatımız üçün o qədər önəmlidir.

Aygün Süleymanova,
teatrşünas

 Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi «Teatr sənəti mövzusunda ilin ən yaxşı
məqaləsi» müsabiqəsinə təqdim olunur