Sentyabrın 18-də Akademik Milli Dram Teatrında 142-ci teatr mövsümü açıldı. Bu münasibətlə keçirilən mətbuat konfransında yeni mövsümdə planlaşdırılan tamaşalar, kollektivin qatılacağı festivallar, qastrol səfərləri haqqında məlumat verildi.

Teatrın direktoru, professor İsrafil İsrafilov ilk olaraq kollektivin Səkidə keçirilən beynəlxalq festivalda iştirakı barədə danışdı. Teatr festivalda böyük dramaturq, mütəfəkkir Mirzə Fətəli Axundzadənin məşhur “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasını təqdim edib. Vurğuladı ki, mərhum rejissor Vaqif İbrahimoğlunun quruluş verdiyi tamaşa teatrın repertuarında xüsusi yer tutur. Kollektiv bir müddət əvvəl bu səhnə əsərini İsveçdə nümayiş etdirib və yerli tamaşaçıları Azərbaycan teatr sənətinin bugünkü səviyyəsini, Axundzadənin dramaturji dühasını izləmək imkanı əldə ediblər.
Gələcək planlarına toxunan İsrafil İsrafilov milli teatrın ölkə hüdudlarından kənarda təbliğinə xüsusi önəm verdiklərini dedi: “Keçən mövsümdə 10 tamaşa təhvil verilib. Bu il İlyas Əfəndiyevin “Mənim günahım”, Yunus Oğuzun “Nadir şah”, Afaq Məsudun “Kərbəla”, Anatoli Krımın “Keçmişdən gələn zəng” əsərləri əsasında eyniadlı tamaşalar, Günel Anarqızının “Altıncı” povesti əsasında “Təhminə” tamaşası hazırlanacaq. Eyni zamanda, yunan rejissoru Teodoros Terzopulos Sofoklun “Antiqona” əsərini səhnələşdiriləcək. Oktyabrın 1-dən 5-dək Gürcüstanda, 11-dən 14-dək isə Albaniyada beynəlxalq teatr festivallarında iştirak edəcəyik. Xarici səfərlərimiz başa çatdıqdan sonra teatrımız Bakıda keçiriləcək III Beynəlxalq Teatr Konfransına hazırlıq işlərinə başlayacaq. Bu tədbirdə dünyanın bir neçə qitəsini təmsil edən teatr kollektivlərini qəbul edəcəyik”.
Direktor bildirdi ki, teatr ənənəsinə sadiq qalaraq bu mövsümə də Xalq yazıçısı İlyas Əfəndiyevin “Qarabağnamə” əsəri ilə başlayır.
Mətbuat konfransından sonra Xalq artisti Mərahim Fərzəlibəyovun quruluş verdiyi “Qarabağnamə” tamaşası nümayiş olundu. Tamaşada əsas rolları xalq artistləri İlham Əsgərov, Firəngiz Mütəllimova, Ramiz Novruz, əməkdar artistlər Sabir Məmmədov, Kazım Həsənquliyev və başqaları ifa edirdilər.

Həmidə