8 “Oskar”lı filmin səs-küyünə taxılaraq
Bu ilin ən səs-küylü filmlərindən, bəlkə də, ən birincisi «Gecəqondu milyonçusu»dur. «Ən yaxşı rejissor işinə», «Ən yaxşı musiqiyə», «Ən orijinal mahnıya», «İlin ən yaxşı filminə» və s. görə nə az-nə çox, 8 “Oskar”a layiq görüldü. 15 milyon dollar büdcəsi olan filmin dünya premyerası 2008-ci ilin avqustunda baş tutub və «Gecəqondudan olan milyonçu» bir il ərzində 311 milyon dollardan çox maliyyə yığıb. Filmin qəhrəmanı hindistanlı olsa da ondan hind filmlərində vərdiş olunan yar-yaraşıq, qəhrəmanlıqlar gözləmək lazım gəlmir. Amma Şərq həyatını təsvir etdiyi üçün gözünə hind xalqının ən sevdiyi janr olan melodram qatılıb. Və yenə Şərq dünyasını təsvirində bulunduğu üçün filmdə yoxsulluq, səfalət, din uğrunda toqquşmalar, aqressiyalar var. Melodramsa məhəbbətsevər, serialpərvər çoxsaylı dünya tamaşaçısı üçün qurulmuş tələyə oxşayır. Rejissorlarından biri ingilis (Denni Boyl) olsa da, biri hindlidir (Lavlin Tandan) və tamaşaçı hind filmindən «həppi end»lə bitən məhəbbət əhvalatı gözləyir. Hər şeyə rəğmən, «Gecəqondudan olan milyonçu» daha çox sosial dramdır.
Film qəhrəmanın döyülməsi ilə başlayır. Camal Malik adlı bir yoxsul gənc yerli televiziyalardan birinin «Kim milyonçu olmaq istəyir?» adlı intellektual şousuna qatılıb ağlagəlməz dərəcədə çoxlu pul udur. Təhsil görməmiş bu gəncin belə uğurlu cavabları şübhə yaradıb və polis bölməsində onu döyməklə danışdırmağa çalışırlar. Qəhrəmanın hər sualla bağlı bir xatirəsi var - hər xatirə yoxsullar dünyasından ekzotik illüstrasiyalardır. Mumbay gecəqondularında yaşayanların həyatı barədə «son dərəcə yoxsul» ifadəsi azdır. Bu çirkab, səfalət, əzilmə və tapdanma deməkdir. Gecəqondular dəhşətli dərəcədə çoxdur, demək, Camal Malik kimi uşaqların əziyyəti, dünyayla çarpışması da artıqdır. Camal Malikin və qardaşı Səlimin bu gecəqondu səltənətində anaları var. Bu qadın hələ uşaqları kiçik olanda bütpərəstlərin hücumu zamanı müsəlman olduğuna görə öldürülür. Bu yerlərdə bu tip dini toqquşmalara vərdiş etmiş polis küçə uşaqlarını hərdən milçək qovar kimi, hərdən it qovar kimi qovur. Varlı olmaq arzudur, varlı və tanınmış olmaqsa, xülyadır. Bu xülya Camal Malik kimi milyonda bir gənci tapar. Demək, Camal Malik milyonçu və milyonuncudur. Dünya çox sərt sərhədlərlə yoxsullar və varlılar dünyasına bölünüb. Bu sərhəddi aşmaq yalnız tale məsələsidir (yəqin, ona görə həmişə yoxsulların dilindən «bəxt», «tale» «qismət» sözləri düşmür. Zatən bundan başqa da perspektiv üçün özgə şeyləri yoxdur). Filmin əvvəlində tamaşaçılara verilən «Məhəbbəti necə qazanmaq olar?» sualının yerinə «Bu sərhəddi necə aşmaq olar?» sorulsaydı yenə də cavab «tale, qismət» olasıydı. Hətta dilənçi biznesinin də təmərküzləşdiyi, monopoliyaya alındığı bir dünyanın dəhşətlərini yaşayıb «pul əl çirkidir» sözünə gülməmək olmur. Və bu dünyanın sıxıntılarında boğulmamaq, tamaşaçıların da ürəyini sıxmamaq üçün romantikaya ehtiyac var. Melodram bu üzdən filmdədi. Filmin içində şou proqram var. Amma bu özü də filmi xeyli şoulaşdırıb. Tamaşaçı filmə həm də nəticəni bilmək üçün, qəhrəmanın sorulana cavab verib-verməyəcəyindən xəbər tutmaq üçün baxır.
Xırda oğurluq, dilənçilik, kiçik alverlə işləməyə başlayan qardaşların yolları ayrılır. Camal Malik bir şirkətdə çay paylayır, Səlim isə kriminal aləmə qatılıb, özünə güzəran düzəldir. İlk olaraq səfalətdən qurtulmaq üçün dilənçi mafiyasının rəhbərini də məhz Səlim öldürür. Əslində, bütün bunlar yoxsulluğun fəsadları adlandırılmalıdır.
Sonda Camal Malik cavabını qətiyyən bilmədiyi ən sonuncu suala da düzgün cavabı verəcək. Səfillər bu gecəqondu milyonçusunu alqışlayacaq. Bu vaxt qardaşı Səlim Camalın sevdiyi qızın mafiozdan qaçmasına şərait yaratdığı üçün öldürüləcək. Stop! Filmin ən maraqlı məqamlarından biri də məhz bu qətl səhnəsidir. Mafiozun adamlarının onu güllələyəcəyini bilən Səlim özünə «ədalətli» bir sonluq hazırlayır - vannada uzanıb özünü pula basdırır. Mafiozun adamları onu məhz bu pul dolu vannanın içində güllələyirlər və Səlim son acı, istehzalı, kədərli bir yumorla xırıldayır: «Kim nə deyir, desin, həyat ədalətlidir» - səfalət içində doğulan Səlim pul içində ölür. Bu kəlməni Camal Malik də söyləyə bilər, axı o milyondan biri oldu, milyonçu oldu və unutmadığı, gözlədiyi, sevdiyi qadına qovuşdu. Amma Camalı alqışlayan minlərlə səfili, yoxsulu buna inandırmaq üçün onlarla belə nağıl danışmaq, əhvalat uydurmaq lazımdır.
Peşəkarlıqla çəkilmiş, musiqi yazılmış «Gecəqondu milyonçusu»nun ekzotikası səbəbindən, ya sosiallıq nöqteyi nəzərindən “Oskar” aldığı barədə söhbətlər o qədər də maraqlı deyil. Onsuz da “Oskar” nüfuzunu itirməkdədir. Hərçənd «Gecəqondu milyonçusu»nu mövzu-süjet baxımından «Hollivud-Bollivud sintezi» də adlandırmaq olar, bu süjet və forma bütün banallığı ilə onu ciddi kinoya aid etməməyə də haqq verir. Amma rejissor əhvalatın fərdiliyi üzərindən yoxsulluq kimi kütləvi sosial psixozları nişan verməsəydi…
Sosial ziddiyyət hind filmlərində həmişə olub. Məsələ filmin estetik keyfiyyətlərindədir: Gecəqondu mənzərəsinin təsvirlərini şən, ritmik hind musiqisi müşayiət edir. Bu musiqi həm ekzotikanı dərinləşdirə bilir, həm də temperamentli hindli oğlanın daxili həyat ritmini eşitdirir - Həyat kasıb deyil. Ona görə də onu sevirlər!!!
Aliyə