Sentyabrın 19-da Türkiyənin məşhur “Anadolu atəşi” rəqs kollektivi Daşkənddə konsert verəcək. “Anadolu atəşi”nin budəfəki konsert-şousunda Azərbaycan, türk və gürcü motivlərindən, Aralıq dənizi, Qara dəniz, Egey dənizi, Fars körfəzi, Şərq və Orta Asiya ölkələrinin xalq rəqslərindən istifadə olunmaqla qədim Anadolu mədəniyyəti təqdim ediləcək.
Qrupun Daşkənddə çıxışı yalnız bir gün nəzərdə tutulur. Ölkənin əsas səhnəsində əlvan geyimli 150 rəqqas və musiqiçi möhtəşəm bir tamaşa təqdim edəcək. Bu proqramın hazırlanmasına üç ildən artıq vaxt sərf edilib.
Şounun hazırlanmasından keçən 4 il müddətində bu kollektivin çıxışlarını ABŞ, Almaniya, Fransa, Belçika, İsveçrə, Niderland, Avstriya, İsrail, Çin, Yaponiya və dünyanın bir sıra başqa ölkələrində 10 milyondan çox tamaşaçı seyr edib. Bu möhtəşəm uğur sayəsində kollektiv iki dəfə Ginnesin Rekordlar Kitabına düşüb.