Milli incəsənətimizin ən maraqlı sahələrindən biri də xalq tətbiqi sənətidir. Tarixi qədimlərə gedib çıxan bu sənəti yaşadanlardan və sevdirənlərdən biri də Mehriban Əliyeva-Xəlilzadədir. Şəkidə anadan olan, tikmə sənətinin incəliklərini anası Arifə xanımdan öyrənən Mehriban Əliyeva-Xəlilzadə muncuqlu tikmə, pilək tikmə, döymə, doldurma, cülmə, kəsmə, güləbətin, təkəlduz texnikası ilə təsviri sənətə və toxuculuğa xas xüsusiyyətləri tikmə sənətində birləşdirərək portret, miniatür, mənzərə janrlarında maraqlı əsərlər yaradıb.
   İncə naxışların, rəngarəng tikmələrin sirrini ustalıqla açan və sevdirə bilən sənətçinin əl işləri müxtəlif sərgilərdə nümayiş olunub. Bu ilin iyulunda Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində təşkil olunan “Tikmələrin izi ilə” adlı növbəti sərgisi isə onun sənət həyatında dönüş yarada bilib. Sənətkarın “Heydər Əliyev”, “Atatürk”, “Hekayə”, “Əfsanə”, “Muğam üçlüyü”, “Xosrov və Şirin”, “Gecə-gündüz” və s. bir-birindən gözəl və rəngarəng əsərləri sərgi ziyarətçiləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Sənətkarın əl işlərini maraqla izləyən Bakıdakı İran Mədəniyyət Mərkəzinin əməkdaşları isə bu əsərlərin qonşu ölkədə də sərgilənməsi təşəbbüsü ilə çıxış ediblər. Beləliklə, Mehriban Əliyeva-Xəlilzadə sentyabrın 11-16-da İranın Xorasan vilayətinin Bocnurd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin I Əl Sənətkarlığı sərgisinə dəvət edilib. Türkiyə, Əfqanıstan, Pakistan, Tacikistan və s. ölkələrdən sənətkarların əsərlərinin sərgiləndiyi sərgidə Mehriban Əliyeva-Xəlilzadənin 6 dəst qadın geyimi və 20 ədəd tikmələrdən ibarət tablosu nümayiş olunub. Sənətkarın əl işləri arasıda “Nizami Gəncəvi” və “Muğam üçlüyü” əsərləri qonaqların xüsusilə marağına səbəb olub.