Ekran əsəri Azərbaycan neftini fərqli prizmadan təqdim edir
   
   “OD Media production” şirkətində “Neftin adamı” adlı qısametrajlı sənədli filmin çəkilişləri tamamlanıb. Filmin qəhrəmanı tanınmış rəssam, neftlə əsrarəngiz sənət əsərləri yaradan Sabir Çopuroğludur.
   
   Rejissor Seyran Mahmudoğlu bizimlə söhbətində bildirdi ki, ekran əsərinin əsas ideyası Azərbaycan neftini fərqli yanaşma ilə təqdim etməkdir: “Rəssam Sabir Çopuroğlunun boyası neftdir. Üstəlik, əksər vaxtı o, əsərlərini fırça ilə yox, barmaqları ilə işləyir. Neftlə çəkilən rəsmlər dünya üçün də çox maraqlıdır. Öncə bu məqamı qabartmağı düşünürdüm. Qəhrəmanla daha yaxından tanış olduqdan sonra məlum oldu ki, neft onun həyatında daha önəmli rol oynayır. Çünki xam neftlə uzun müddət işlədiyindən bu, onun səhətinə də təsir edib. Bunun müalicəsi isə Naftalan neftidir. Burada artıq iki məqam yarandı: neft qəhrəmanın sənəti, özünü təqdim etmə vasitəsidir, onun işi, peşəsidir. Digər tərəfdən, isə neft onun sağlamlığına xidmət edir. Bir sözlə, filmin qəhrəmanı “insan və neft” bağlılığının canlı nümunəsidir”.
   Film həm də Azərbaycan neftini fərqli prizmadan təbliğ edir. Bu zamana qədər neftin sənaye üçün vacib tərəfləri önə çəkilib. “Neftin adamı” filmində neftin insan həyatında oynadığı rol qabardılır.
   Seyran Mahmudoğlu daim maraqlı mövzu axtarışında olduğunu bildirdi: “Televiziya üçün süjet hazırlamalı idim və daim insanların marağını çəkən mövzular axtarırdım. Bu axtarışlar mənim rəssam Sabir Çopuroğlu ilə tanışlığıma zəmin oldu. O, təkcə neftlə sənət əsərləri yaradan rəssam kimi deyil, eyni zamanda bir insan kimi də maraqlıdır. Yaşam tərzi, düşüncəsi, insanlara münasibəti də film üçün maraqlı material oldu”. “Neftin adamı” sənədli filmi müşahidə xarakteri daşıyır. Filmin qəhrəmanı müxtəlif vaxtlarda, fərqli məkanlarda lentə alınıb. Təbiiliyə xüsusi önəm verilib, filmdə göstərilən heç bir hadisəyə müdaxilə edilməyib. Çəkilişlər Bibiheybət neft mədənində, rəssam Sabir Çopuroğlunun emalatxanasında və Naftalanda aparılıb.
   Çəkilişə Naftalandakı “Çinar Hotel & Spa Naftalan” mərkəzi də dəstək olub. Həmin mərkəzdə rəssamın əsərləri sərgilənir. Rəsmlər ora gələnlərin diqqətini çəkir. Filmdə qonaqların marağını əks etdirən məqamlar da əksini tapıb.
   Rejissor filmin Yaponiya, Türkiyə, Rusiya, İtaliya, Yunanıstanda keçiriləcək festivallara təqdim ediləcəyini bildirdi.
   Sonda onu da qeyd edək ki, filmin ssenari müəllifi Esmira Eyyub, operatoru Əli Sultanov, səs rejissoru Elşən Aslanov, qrafika işlərinin müəllifi İbrahim Kərim, postprodakşn mərhələsinin dizayneri Kseniya Diadorovadır. 

   Reyhan İsayeva