Noyabrın 22-də Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş incəsənət sahələri üzrə müsabiqə Gəncə şəhərində davam etdirilib. Müsabiqə Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən keçirilir.
Mərkəzin direktoru Kəmalə Cəfərzadə bildirib ki, müsabiqənin keçirilməsində məqsəd gənc nəsli Nizami yaradıcılığı ilə incəsənətin müxtəlif sahələri əsasında tanış etmək, onlarda klassik irsə hörmət hissi oyatmaq, “Xəmsə”nin süjetləri əsasında təsviri və tətbiqi sənət bacarıqları olan gənc istedadları üzə çıxarmaqdır.
Müsabiqəyə təqdim olunan incəsənət nümunələrinin qiymətləndirilməsi Təhsil Nazirliyi, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Milli Konservatoriyası və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən aparılıb.
Gəncə şəhərinin 33 ümumtəhsil və məktəbdənkənar təhsil müəssisəsində təhsil alan 11-17 yaşlı uşaq və gənclərin çıxışları dinlənilib. Münsiflər heyəti tərəfindən bədii qiraət üzrə 56, ifaçılıq üzrə 7 nömrəyə baxılıb və qiymətləndirilib.
Təsviri və tətbiqi sənət əsərlərinin qiymətləndirilməsi 25-30 noyabr tarixində keçiriləcək. Müsabiqənin yekun baxışı və fərqlənənlərin təltif edilməsi dekabrın sonuna nəzərdə tutulub.
S.Qaliboğlu