Sərgidə XVI-XX əsrlərə aid 200 sənət əsəri nümayiş olunur
   
   Noyabrın 25-də paytaxtımızda “Fransa incəsənəti - Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərginin açılışı oldu. Sərginin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi ilə Milli İncəsənət Muzeyidir. Tədbir “Multikulturalizm ili” və muzeyin 80 illik yubileyi münasibətilə keçirilir. 
   Açılışdan öncə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və L. və M. Rostropoviçlər adına 21 nömrəli Musiqi məktəbinin tələbə və şagirdlərinin ifasında bəstəkarlar İ.Bax, F.Şopen S.Raxmaninov, T.Quliyev, K.Debüssi və başqa bəstəkarların əsərləri səsləndirildi.
   Tədbiri Milli İncəsənət Muzeyinin direktoru, sərginin kuratoru, professor Çingiz Fərzəliyev açaraq Fransa incəsənətinin dünyada məşhur olduğunu söylədi. Bildirdi ki, muzeydə fransız incəsənətinə məxsus çoxlu əsərlər var. Yeni layihəyə əsasən muzey burada qorunan holland, alman, yapon, ingilis və s. xalqlara məxsus sənət əsərlərini ayrıca sərgi şəklində sənətsevərlərə təqdim edəcək. 
   Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev fransız incəsənətilə belə yaxından tanışlığı sənətsevərlərimiz üçün böyük mədəni hadisə adlandırdı. Nazir müavini 2012-ci ildə muzeydə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Fransa inciləri” mövzusunda sərginin baş tutduğunu və böyük maraqla qarşılandığını söylədi. Ə.Vəliyev belə sərgilərin böyük incəsənət yaradan xalqları yaxından tanımağımızda önəmli rol daşıdığını bildirdi. 
   Fransanın Azərbaycandakı səfiri xanım Oreliya Buşez tədbirin təşkilində əməyi keçən hər kəsə sayğısını ifadə etdi. Vurğuladı ki, Fransa incəsənətinin Bakıda belə bir sərgidə təqdim olunması fransız xalqına verilən dəyərdir. Səfir təqdim olunan əsərlərin böyük sənət dəyəri daşıdığını, onların ölkəmizdə layiqincə qorunduğunu bildirdi. 
   Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Səlhab Məmmədov çıxışında Fransa ilə Azərbaycan arasındakı mədəni əlaqələrin inkişafından söz açdı. O, müəllifi olduğu, məşhur şairə Məhsəti Gəncəvinin heykəlinin Fransanın Konyak şəhərində ucaldılmasını mühüm tarixi və mədəni hadisə adlandırdı. 
   Çıxışlardan sonra sərgi ilə tanışlıq başladı. 
   Ekspozisiyada janr və mövzu genişliyi, tarixiliyi ilə diqqəti cəlb edən 200 sənət əsəri nümayiş olunur. Sərgi XVI yüzildən XX yüzilin başlanğıcına kimi möhtəşəm fransız incəsənəti dünyasına daxil olmağa, əsərləri dünyanın ən yaxşı muzeylərini bəzəyən dahi rəngkarlar Jül Düpre, Jan Onore Fraqonar, Paskal Adolf Danyan Buvre, Benjamin Konstant, heykəltəraşlar Moro Lui, Jan Antuan Qudon və başqa görkəmli sənətkarların yaradıcılığı ilə yaxından tanış olmağa imkan yaradır. 
   Nümayiş olunan əsərlər içərisində Fransa kralı XV Lüdoviq və onun məşhur sevgilisi Madam de Pampadurun himayəsi altında fəaliyyət göstərən Sevr manufakturasının çini kolleksiyası xüsusi diqqəti çəkir. Eləcə də “Qalle” firmasının hazırladığı şüşədən olan nadir məmulatlar qiymətli eksponatlar sayılır. Fil sümüyündən, ipək, ağac və kağızdan düzəldilmiş XIX yüzilə aid yelpik kolleksiyası da maraq doğurur. 
   Sərgi 26 yanvar 2017-ci ilədək davam edəcək. 
   
   S.Qaliboğlu