Daşkənddə rəsm və əl işləri sərgisi keçirilib
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Özbəkistan - Azərbaycan uşaqlarının gözü ilə" rəsm və əl işləri sərgisi keçirilib.
Tədbir Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının, Azərbaycandakı "Region Gənclərinin İnkişafına Töhfə" İctimai Birliyinin, habelə Özbəkistandakı “Mümtoz” İctimai Birliyinin təşkilatçılığı ilə gerçəkləşib.
Sərgidə Azərbaycan uşaqlarının qardaş Özbəkistanın mədəniyyəti, tarixi abidələri, adət və ənənələrinə dair çəkdikləri rəsmlər öz əksini tapıb.
Qeyd edək ki, bununla əlaqədar Azərbaycan Dövlət Rəsm Qalereyası müsabiqə elan edib, təşkilat komitəsi tərəfindən qiymətləndirilən işlər Daşkənddə keçiriləcək sərgiyə gətirilib. Sərgidə Azərbaycan xalçaları, kəlağayılar, habelə milli musiqi alətlərimiz də nümayiş etdirilib.
Mədəniyyət mərkəzinin direktoru Samir Abbasov tədbirdə çıxış edərək sərginin keçirilməsinin əsas məqsədinin iki ölkənin yeniyetmə və gəncləri arasında əlaqələrin və təcrübə mübadiləsinin aparılması olduğunu bildirib, layihəyə 2013-cü ildən start verildiyini qeyd edib. O həm Özbəkistan, həm də Azərbaycan uşaqlarının bu layihəyə fəal qoşulduqlarını və layihə çərçivəsində gözəl rəsmlər yaradıldığını söyləyib.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov, “Region Gənclərinin İnkişafına Töhfə" və “Mümtoz” ictimai birliklərinin sədrləri İlkin Əliyev və Raxmatulla Xocayev bu sahədə əlaqələrin genişləndirilməsinin vacibliyindən danışıb, istedadların üzə çıxarılmasında layihənin əhəmiyyətini vurğulayıblar.
Sonra Daşkənddəki Akademik musiqi liseyinin şagirdləri Azərbaycan və özbək bəstəkarlarının əsərlərini, Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı isə milli rəqslərimizi ifa edib.