Azərbaycan mədəniyyətinə itki üz vermişdir. Teatr sənətinin qocaman nümayəndəsi, Əməkdar mədəniyyət işçisi Hüseyn Həsən oğlu Əhmədov 2016-cı il dekabrın 9-da 88 yaşında vəfat etmişdir.
Hüseyn Əhmədov 1928-ci il martın 27-də anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Teatr İnstitutunun Rejissorluq fakültəsini bitirmişdir. Hələ 1952-ci ildə tələbə ikən Mədəniyyət Nazirliyinin İncəsənət idarəsinə inspektor vəzifəsinə işə qəbul edilmişdir. Bir il sonra o, nazirlik tərəfindən Leninqrada təkmilləşdirmə kurslarına göndərilmiş, təhsildən qayıtdıqdan sonra həmin idarəyə rəis müavini təyin edilmişdir.
Hüseyn Əhmədov 1965-ci ildən 1970-ci ilədək A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru vəzifəsində çalışmış, sonra yenidən Mədəniyyət Nazirliyinin İncəsənət işləri idarəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdur. 1998-2006-cı illərdə o, Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini, 2006-2011-ci illərdə isə teatrın ədəbi dram hissəsinin müdiri vəzifələrində işləmişdir.
Bu illər ərzində teatrın yaradıcılıq imkanlarının artırılması, repertuarın zənginləşdirilməsi, teatra istedadlı gənclərin cəlb olunması istiqamətində dolğun fəaliyyət göstərmişdir.
Hüseyn Əhmədov mədəniyyət sahəsində xidmətlərinə görə 2000-ci ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüş, 2008-2010-cu illərdə Prezident mükafatçısı olmuşdur.
İstedadlı təşkilatçı, gözəl və təvazökar insan Hüseyn Əhmədovun işıqlı xatirəsi yaradıcı ziyalıların, ailə üzvlərinin, doğma kollektivin qəlbində və yaddaşında əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin.
Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Teatr Xadimləri İttifaqı
Azərbaycan Dövlət Kukla Teatrı