Bu obrazlı deyimi tək elə mübahisəli fikir, müddəa və qənaətlərə deyil, yaş-nəsil fəsilləri ortalığına - GƏNCLİYƏ də aid etmək olar...
   
   Bu universal-potensial “orta” dünya tarixinin hər dönəmi, ünlü natiqləri, elm-bilim adamları, ümumbəşər çaplı şəxsiyyətləri üçün doyulmaz nitqlərdən, bezilməz mövzulardan, yönətiminə can atılan hədəflərdən olub. 
   Sözügedən mövzu elə bu yazını təqdim edəcəyim KİVDF-nin fərdi jurnalist yazıları ilə bağlı keçirdiyi müsabiqələrin də daimi istiqamətlərindən (“Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi”) biridir.
   “Gənc nəsil”... Xeyli məsuliyyətli, energetik bir söz birləşməsi. Nüvəsində polifonik bir virtuallıq, mütəhərriklik də var; özündə (aşağı-yuxarı müddət qapsamında) xalqın əksər kütləsini - daim öz ardıyca gələn uşaqları və özüylə birgə “uzaqlaşan” ahılları da ehtiva edir. 
   Belə bir total toplumun milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin tərbiyə edilməsi, bütövlükdə, hər bir millətin, ölkənin, dövlətin prioritet hədəflərindəndir. Tarixi dünya təcrübəsindən bəzi nümunələri (məsələn, XX əsrin əvvəlindəki Türkiyənin Atatürk dönəmini) xatırlayıb, ölkələrin labüd məhvolma, millət və dövlətlərin kompleks tənəzzüləuğrama çağlarında böyük siyasət adamlarının, ziyalıların xalqda oyatdığı milli mənlik şüurunun nələrə qadir olduğunun fərqinə vardıqca, bu hədəfə nail olmağın vacibliyi daha da aydınlaşır. Bunun təfərrüatsız dərki üçün, şəxsi mənlik şüuru yüksək olan, öz “mən”inə diqqət və ləyaqətlə yanaşan hər hansı bir fərdin cəmiyyətdə qazandığı hörmət-izzəti, tutduğu mövqeyi xatırlamaq da kifayətdir. Bu uğur, eynilə, ümummənlik şüuru yüksək olan, öz “mən”ini uca görməyə çalışan xalqa, millətə də müyəssər ola bilər.
   Çox halda yalnız “təhsil fənni” kimi assosiasiya olunan tarix bizim Azərbaycanın milli tarixilə bağlı da - bu qəbil hədəfəçatım çabalarından və statistik təhsil öyrətmənlərindən müqayisəedilməz dərəcədə fərqlənən ümummilli Müəllimlərdən, İctimai Ustadlardan xali deyil. Hər cəhətdən ayıq-arif olan hörmətli oxucularımızın mütaliə diapazonuna əminliyimdən, bu tutumlu tarixi sələflərimizin adlarını sadalamadan - diqqəti onların ən universal sələfinin mövzuyla ilgili dünyasına yönəltmək istəyirəm. Deməli, dünyadəyişimindən 13 il keçməsinə baxmayaraq, ruhi-nəfəsi bütün Azərbaycan və azərbaycanlıların yaşadığı məkanlarda hələ də canlıymış kimi hiss edilən -
   
   Ümummilli lider Heydər Əliyev və gənclik...
   
   Bəri başdan qeyd edək ki, bir çox ictimai-milli sahələrin təməlçisi olmuş Heydər Əliyev müasir Azərbaycanın gənclər siyasətinin də banisidir. Ölkəmizin ən uzunmüddətli başçısı olmuş bu fenomenin elə təkcə sözügedən sahə ilə bağlı imzaladığı direktiv sənədlər, qanun, fərman və sərəncamlar neçə-neçə kitabların mövzusu olmuş və hələ olacaq. 
   Azərbaycanın son yarıməsrlik milli ictimai-siyasi mənzərəsinə ötəri bir diqqət də göstərir ki, ölkə rəhbərliyinə başladığı dövrdən əbədiyyətə qovuşduğu vaxtadək gəncliyə tək elə dövlət rəhbəri kimi deyil, həm də bir hami-himayədar kimi yanaşmış ulu öndərin perspektiv hədəflərindən biri də sağlam düşüncəli, işgüzar, yaradıcı bir yeni nəslin yetişdirilməsi olub. Dövlətin, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmiş ümummilli fenomen 1994-cü ildə Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması ilə bağlı fərman imzaladı, bunun ardınca irəli sürdüyü təşəbbüsün nəticəsi olaraq 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi və müstəqil Azərbaycan gəncliyinin bu böyük birlik aktının ilk ildönümündə imzaladığı sərəncamla 2 fevral - Azərbaycan gənclər günü kimi tarixə yazıldı. 1999-cu ildə imzaladığı “Dövlət gənclər siyasəti haqqında” fərmanı, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi” proqramı, “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” (2001) fərmanı ölkədə bu sahəyə Prezident səviyyəsində önəm verildiyinin, nəticə etibarilə, əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərləri, müstəqil dövlətçiliyimizi qorumağa hazır və layiq mübariz ruhlu gənc nəslin yetişdirilməsi siyasətinin bariz təzahürü kimi qiymətləndirildi. 
   Rəsmi-direktiv imzaları ilə Azərbaycanın ictimai-siyasi taleyində böyük dönüşlər etmiş ulu öndər xalqın bu təbiətən dinamik, hərəkətverici qismini olduqca zəngin və sirayətedici nitqilə də böyük uğurlara səfərbər edirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, gəncləridir. Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”. 
   Şahidi olduğumuz saysız-hesabsız proseslərin cəmi fonunda düşünüb-daşınırkən, təbii olaraq, milli-mənəvi dəyərlərin davamlı mühafizə stabilliyində müstəqil həyata yeni atılan ən kütləvi bir zümrədə vətənpərvərlik hisslərinin tərbiyəsi məsələsi haqda bir daha düşünməli olur və bunun, gənc nəslin bu ruhda tərbiyəsini bütün fəaliyyəti boyu hədəfdə saxlayan, bu dəyərləri xalqın mənəvi sərvəti hesab edən ümummilli liderin öz çıxışlarının birində “...bu sərvətə, xəzinəyə biganə olmaq cinayətdir” ittihamına səbəb səviyyəli bir məsələ olduğunu görürük: “Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Bizim xalqımız da min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və biz indi xalqımızın mənəviyyatını təşkil edən amillərlə fəxr edirik”. Ulu öndər bu müqəddəs fəxarəti daim rişələndirib-reallaşdırası mənbələri də xüsusi vurğulayırdı: “Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”. 
   Əbədi qüvvəli bu tövsiyə ulu öndərin 47 il bundan əvvəl - Azərbaycan Dövlət Universitetinin (BDU-nun) 50 illik yubileyində öz dilimizdə (!) etdiyi tarixi çıxışını yadıma saldı. Bəli, Heydər Əliyev bu milli tövsiyəni o məşhur “şovinist zəmanə”də də səsləndirmişdi və ovaxtlar daha çox marksizm-leninizm və bir az da poeziya məşğuliyyətli biz gənclərdə başqa bir baxış da yaratdı, bir qədər “yad” getməyə başlayanlarımız da oldu və oxuyub-öyrəndik ki, bu dünyada “milli mənlik şüuru”, “özgür vətənpərvərlik hissləri” kimi tərkiblər də varmış və bunlar çox qədimlərdən gəlirmiş.
    
   Məsələn;
   
   Jan Jak Russo deyibmiş ki, “Dünya tarixində ən böyük hünər və qəhrəmanlıqlar doğma Vətən naminə edilib”. 
   Hakimiyyətdə ikən “İnsaf və mərhəmət dilənməklə millət işləri, dövlət işləri görülməz; millət və dövlətin şərəf və istiqlaliyyəti təmin edilməz”, “Milli əməllər, milli iradə yalnız bir şəxsin düşüncəsindən deyil, bütün millət fərdlərinin arzularının, əməllərinin məcmusundan ibarətdir” kimi fikirlər söyləmiş Atatürk, bundan xeyli əvvəllər öz vətənini qurd xislətli xarici və daxili siyasilərin cəngindən xilas yolları axtarırkən, müəyyən qədər hərbi gücə nail olsa da, deyib: “Hər nə yolla olur-olsun, ölkədə təlim-tərbiyə işlərində mütləq uğur əldə edilməlidir. Bu millətin tam xilası ancaq bu yolla mümkündür”. 
   Yazımın əvvəlində ümummilli Müəllimlikdən söz düşdü, bu məqamda böyük Atatürkün fikirləri xatırlandı və bu “bir millət, iki dövlət” sahiblərinin iş-amal tandemliyini ehtiva edən daha bir müdrik kəlamı misal gətirmək yerinə düşərdi: “Müəllimi olmayan millət hələ millət adını daşımağa layiq deyil” (Balzak).
   Yazı mövzumuzun əsas damarlarından olan “vətənpərvərlik hissləri” məsələsi də müdriklərin düşüncə hədəflərindən olub. Böyük ingilis filosofu Ceyms Harrinqtona görə; “Xalq görməyə bilər, lakin o həmişə hiss edir, özü də düzgün his edir”. Bu məqamda alman yazıçısı Qustav Freytaqın “Hər bir insanın qəlbində öz xalqının miniatür portreti var” və adını unutduğum bir müəllifin “Xalqın mədəni-mənəvi gücü onun siyasi gücündən xeyli dərin olur” fikirlərini də qeyd etməyə dəyər.
   Həmin dövrlərdə mütaliə etdiyim və milli təcrübəmizdə olmadığı üçün mənə bir qədər “qiyabi” görünən “Çox şəhid verən və çox fədakarlıq göstərən bir ölkə istədiyi səviyyəyə də çata bilər” (M.Qandi), “Ən böyük sevgi vətən sevgisidir və bu məhəbbət fövqəladə vəziyyətlərdə, ölüm-dirim çağlarında daha qabarıq aşkara çıxır” (Q. Lebon), “Vətən və torpaq sevgisi ata-ana sevgisi qədər təbii və əzəlidir” (J.Nestr), “Vətəni sevmək imandandır” (Hz. Məhəmməd), “Heykəli görkəmi, insanı isə mənəviyyat və əməlləri gözəlləşdirir” (Pifaqor), “İtə ataram, yada satmaram” (M.Cəlal) kimi deyimlər isə bugünümüzü ifadə edən və çağdaş gənclərimizdəki milli mənlik şüuru üzərinə sovet vaxlarındakından fərqli bir vətənpərvərlik hissi oyadası kəlamlar...
   O yubiley tədbirindən müəyyən müddətlər keçincə, həmin tövsiyə sahibinin öz çıxış, nitq və məruzələrindən də müdrik kəlamlar eşidib-oxuyacaq və illər sonra bu gün onlardan birini sözümüzə qüvvət gətirəcəyik: “Milli ruh, mənəvi dəyərlərimiz, tariximiz, torpağa bağlılığımız - budur bizim gələcəyimizi müəyyən edən amillər”... 
   Bunlar dünyadakı yüzlərlə ayrı-ayrı vətənin milyonlarla vətəndaşının heç zaman bir-birinə güzəştləməyəcəyi, eyni kökənli soydaşlarınsa heç vaxt bir-birinə qısqanmayacağı sevgiləri ifadə edən kəlamlar... 
   
   Və sabaha doğru!..
    
   Bu nida, həm də - yuxarıda əks etdirməyə çalışdığım nəsnələri və bütün bunların müasir toplu-formulu banisinin siyasi kursunu layiqli şəkildə davam etdirən Prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətinə ruhsal bir işarədir. Ölkə başçısının Azərbaycan gəncliyinin ümumi inkişafı ilə bağlı imzaladığı sənədlər içərisində iki dövlət proqramını (2005-2009; 2011-2015) xüsusi qeyd etmək lazımdır. Həmin proqramlara uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində həyata keçirilmiş tədbirlər günümüzün reallıqlarını əks etdirir. Dövlət başçısının fərmanı ilə Gənclər və İdman Nazirliyinin 2006-cı ildə yenidən təşkil edilməsi, gənclər siyasətinin əsas icra orqanı qarşısında qoyulmuş yeni vəzifələrin həyata keçirilməsi, 2007-ci ilin ölkədə “Gənclər ili” elan olunması, “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı” və s. qərar və sərəncamlar ölkədə gənclər siyasətinin daha da təkmilləşdirilməsini təmin etmişdir. Bu çevik, ciddi arqumentlərə əsaslanan siyasətin nəticəsidir ki, hazırda ölkəmizdə 200-ə yaxın gənclər təşkilatı, 20-dən artıq ali məktəbdə tələbə-gənclər təşkilatı fəaliyyət göstərir. Bu isə həm də gənclərin vətənpərvər ruhda tərbiyəsi, fəal vətəndaş mövqeyi, milli mənlik, bəşəri mədəniyyət şüurunun təbliği, qlobal informativlik düşüncəsinin daha geniş arenada tanınması deməkdir. Bu, hər ilin sonunda Dünya Azərbaycanlılarının Həmrəylik Gününü təntənələrlə qeyd edən bir xalqın ən mobil qismi olan gənclik önündə maraqlı yollar, böyük qapılar açılması deməkdir... 
   
   Tahir Abbaslı
   
   Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin 
   İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur