Paralellərin heç vaxt kəsişmədiyini bildiyimiz halda, ilk baxışdan çox təbii şəkildə anlaşılmayan bu başlığın təhlillərimiz nəticəsində öz mümkün həqiqətini ifadə edə biləcəyinə əminliklə, sıfır nöqtəsindən yola çıxaraq, mövcud olan mənzilə doğru varmağa başlayırıq. Bütün düsturlar hesablama cədvəllərinin sıfır nöqtəsindən yola çıxaraq müəyyən bir nöqtədə öz həqiqətinə qovuşduğu kimi, sonsuzluğa qədər uzanan və heç vaxt qovuşa bilməyən paralellərin də qeyri-xətti anlayış nəticəsində qovuşa bilmək imkanlarını bədii əsərlər öz yaratmaq qüdrətinə malik düsturları ilə sübuta yetirə bilirlər. Bu isbat, görkəmli Azərbaycan ədibi, Xalq yazıçısı Elçinin “Mənim ərim dəlidir” pyesində çox aydın şəkildə müəllif təxəyyülünün süzgəcindən süzülərək özünü sübuta yetirə bilmişdir. Baxın, müəllif öz təxəyyül məntiqi ilə paralelləri bir nöqtəyə necə gətirib çıxarmışdır...
Xəttilik, qeyri-xəttilik, müəyyənlik, qeyri-müəyyənlik, səlislik, qeyri-səlislik, reallıq, irreallıq və sair bu kimi nəzəriyyə miqyasına yüksəlmiş anlayışlar artıq alimlərin diqqətini çoxdan öz hikmətinə cəlb etmiş, onların elmi müstəvidə apardıqları dərin təhlillər nəticəsində çoxlu nailiyyətlərin əldə olunmasına gətirib çıxarmışdır. Əsasən texnogen inkişafda özünü daha çox ehtiva edən belə anlayışlar, nəzəriyyələr nədənsə humanitar sahələrdə - təxəyyülün daha geniş meydan almaq imkanı olduğu orbitdə alimləri az halda elmi təhlilə sövq etdirmişdir. Lakin düşüncəmizdə bizi bir an belə rahat buraxmayan belə bir fikir öz aktivliyini itirməməkdədir ki, daima inam hissimizi öz gücündə saxlayan böyük bir həqiqət vardır. O həqiqət özündə belə bir fikri ifadə edir ki, teatr sənətində qeyri-səlis məntiq nəzəriyyəsinin mabədi tam dolğunluğu ilə əhatələnmişdir. Sadəcə olaraq biz bu həqiqəti hələ ki, olduğu kimi qəbul edə bilmirik. Özümüzü inandırmağa çalışırıq ki, bu nəzəriyyənin yalnız dəqiq elmlərə aidiyyəti vardır. Onu da unutmamalıyıq ki, dəqiq elmlərdə olduğu kimi bütün sahələrin varlığında mütləq və mütləq ölçülər və rənglər mövcuddur. Ölçülərin və rənglərin mövcud olduğu hansı bir sahədə hansı nəzəriyyənin ola bilməzliyinə dəqiq diaqnoz qoymaq mümkündür? Fikrimizcə, bu, mümkün deyildir. Çünki ölçülərin və rənglərin olduğu bütün sahələrdə mabədin mahiyyəti oxşardır. Bu məqamda kiçicik bir haşiyə çox yerinə düşür.
Məsələn, ədəbiyyatda təkcə vəznlərdəki müxtəlifliyi misal gətirmək, yəni heca və əruz vəznindəki ölçü fərqləri ilə yanaşı “ağ şeir”dəki ölçüsüzlük, daha doğrusu, ümumi vəznini saxlamaqla sərbəst hecalar bölgüsü, eyni zamanda bütün vəznlərdə sözün rəngarəng dinamikasına baxsaq, musiqidə notlardakı ölçülərə, bəlli ölçülərə qədər məsafədə ortaya çıxan xırdalıqlara, səsin ahəngindəki rənglər kəhkəşanına nəzər yetirsək, eləcə də teatr sənətində təkcə mizanlardakı ölçülərə və bu ölçülər arasındakı həm rəngarəng performanslara, həm də ekspromt variasiyalara diqqəti yönəltmək yetərlidir ki, qeyri-səlis məntiq nəzəriyyəsi əhatəsində dərin araşdırmalara baş vurmaq üçün sənətşünaslıq elmində bir həyəcan siqnalının verilməsinə bizim əsasımız olsun. Bu məqsədlə sənətşünaslıq elminin diqqətini qeyri-səlis məntiq nəzəriyyəsinin teatr sənətində sinergetik adaptasiyasına cəlb edir, araşdırmalarımızın sübutuna nail olmaq məqsədilə fikirlərimizi təhlilə ən aydın şəkildə gələ bilən Elçin dramaturgiyası və Elçin teatrı əhatəsində formalaşdırmağa çalışırıq.
Bu bir həqiqətdir ki, əsrlərdir elm Aristotelin binar nəzəriyyəsinə söykənərək qət etdiyi uzun bir məsafədə çoxlu nailiyyətlər əldə etmişdir. Aristotelə görə iki rəqəmi iki dəfə çoxaldıqda cəmdə dörd rəqəmi alınır və iki rəqəmi ilə dörd rəqəmi arasında bəlli bir məsafə ölçüsü dayanır. Bu həqiqəti elm də qəbul edir və bütün kəşflər bu nəzəriyyəyə əsasən əldə olunmuşdur. Hətta bu məsafə arasında başqa ölçülərin də olduğunu isbat edən qeyri-səlis məntiq nəzəriyyəsi də öz zəfər kəşfini binar nəzəriyyəsinin həqiqətinə söykənərək ərsəyə gətirmişdir. Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, həmyerlimiz Lütfi Zadə iki ilə dörd arasında saysız-hesabsız ölçülər çoxluğunu sübuta yetirərək, dəqiq elmlər sahəsində inqilab edə bildi. Kəşf etdiyi sonsuzluğa uzanan ölçülər və rənglər çoxluğu nəticəsində bu gün gözlərimiz önündə anbaan yeniləşmək imkanında olan elmi-texniki yüksəliş ən son həddə qədər inkişaf mərhələsində öz uğurlarına imzalar atır. Lütfi Zadə nəzəriyyəsinə dərindən diqqət yetirdikdə və bu nəzəriyyəni teatr sənəti sahəsində incələməyə başladıqda onu görmək mümkündür ki, qeyri-səlis məntiq nəzəriyyəsi teatr sənətində daha qədim dövrdən etibarən özünü aydın şəkildə ifadə edibdir. Məsələn: rejissor rəssamla tərtibat məsələsini müzakirə edərkən öz konsepsiyasına uyğun dekorların səhnədən tamaşaçıya təqdim olunacaq məğzini ümumi anlamda ifadə etməsi üçün ölçülərə yerləşə bilməyən tələblərlə rəssama təkliflər irəli sürür və rəssam da son variantı tapıncaya qədər müxtəlif formada, müxtəlif rənglərdə nümunələr işləyib hazırlayır. Belə ki, cavaba yetənə qədər, yəni binar nəzəriyyəsinin qanununa uyğun olan iki ilə dörd arasında, qeyri-səlis məntiq nəzəriyyəsinin kəşf etdiyi ölçülər və rənglər çoxluğunun olduğu kimi, ortaya belə bir həqiqət çıxır ki, rəssam rejissorun konsepsiyasına cavab verə biləcək variantı tapıncaya qədər çoxlu sayda variantların (çoxluqların!) olduğunu istər-istəməz göstərmiş olur. İkinci bir misal: rejissor aktyorlarla əsər üzərində stolarxası oxu məşqinə başlayarkən, statistik deklamasiya hüdudunda (binar nəzəriyyəsi həddində) qalmayır, qeyri-səlis məntiq nəzəriyyəsinin qanunlarına uyğun olaraq hər bir dialoqun müxtəlif ifa nümunələrini yoxlamadan keçirir və müxtəlif variantların nəticəsində bir variant tapılır. Yəni iki ilə dörd arasındakı məsafədə sonsuzluğa qədər uzana bilən ölçülərin olduğu kimi, burada da nəticəyə qədər bir deyil, saysız-hesabsız vurğuların və sözaltı mənaların ifa variantlarının olduğu aşkarcasına görünür. O cümlədən də rejissor aktyorlarla mizanlar üzərində çalışarkən bəlli bir fikri ifadə edən tək bircə mizanın ərsəyə gəlməsi üçün, həmin mizanı dolğun şəkildə formalaşdıracaq müxtəlif formada hərəkətlər və gedişlər yoxlayır, nəhayətdə fikrin ifadəsinə mükəmməl cavab verə bilən bir variant ərsəyə gəlir. Hətta tamaşa oynanıldıqca bəlli ölçülərə sığdırılmış mizanlar oyun zamanı aktyorların ekspromt müdaxilələri nəticəsində müxtəlif ölçülərə, rəngarəng çalarlara uyğun olaraq dəyişə bilir. Eyni halda bəstəkarla, xoreoqrafla, səhnə texnikası komponentləri ilə də iş aparılır və həm bir neçə sənət növünün birləşməsi, həm də bu sənət növlərinin bir neçə variantda, müxtəlif rənglər çoxluğunda təklif etdikləri nümunələrin nəticəsində bir mükəmməl əsər yaranır. Beləcə, tam əminliklə isbata yetirilir ki, teatr sənətinin cövhərində qeyri-səlis məntiq nəzəriyyəsinin mahiyyəti elə ilk yarandığı gündən cücərməyə başlamış, bu günümüzə qədər boy vermiş və bu gün də həmin hüceyrələrin cücərtiləri üzərində yaradıcılıq sistemi formalaşmaqda və müxtəlif hallar alaraq tamaşaçılara öz töhfəsini verməkdədir.
Sənətşünaslıq elminə bəlli bir məqamı da qeyd etməliyik ki, teatr sənətinin iş prinsipində bədii-yaradıcı proseslə yanaşı, bədii-yaradıcı prosesi yetkinləşdirmək üçün texniki sahədən mütləq formada istifadə edilir. Hətta əksər hallarda yaradıcılıq prosesi, texnogen xüsusiyyətlərlə vəhdət təşkil edir. Bədii fikrin ifadəsi üçün texniki amillərdən yetərincə istifadə olunur. Xüsusən işıq sistemi bədii ifadə vasitəsinə çevrilir. Bəzən sözün və ya mizanın ifadə edə biləcəyi bir fikri işığın rəngləri və ya hərəkət xüsusiyyəti daha dolğun şəkildə ifadə edə bilir. Göründüyü kimi teatr sahəsində qeyri-səlis məntiq nəzəriyyəsi daha geniş vüsət almışdır ki, biz bu həqiqəti elmi müstəvidə araşdırmaq və təhlil etmək üçün tərəddüdsüz yola çıxmaqda haqlı oluruq.
Yuxarıda qeyd etdiyimiz kimi, Aristotelin binar nəzəriyyəsinə görə, bir nöqtədən digər nöqtəyə qədər konkret müəyyən olunmuş ölçü vardır. Məsələn, 1 rəqəmindən sonra 2 rəqəmi gəlir. Lakin qeyri-səlis məntiq nəzəriyyəsi sübut etdi ki, 1 rəqəmi ilə 2 rəqəmi arasında sonsuz ölçü çoxluqları mövcuddur. Və yaxud da binar nəzəriyyəsinə görə həqiqi rənglər ağ və qaradan ibarətdirsə, elm sübut edir ki, ağ və qaranın tərkibində saysız-hesabsız rənglər mövcuddur. Dəqiq elmlərə aid olan bu kəşfin mənbəyi öncəliklə təxəyyül və düşüncə məkanında bərqərardır. Təxəyyül isə yalnız dəqiq elmləri ifadə etmir, dəqiq elmlərdən də əvvəl gördüyü hər bir mənzərə haqqında sonsuzluğa qədər öz versiyaları barədə uzun-uzadı düşünmək imkanı yaradır. Biz əvvəlki məqalələrimizdə də bu fikirlərlə bağlı geniş şərhlər vermişik, bir daha vurğulamaq istərdik ki, teatr sənətinin yaranışından çağdaş formaya düşənə qədər keçdiyi yol məhz qeyri-səlis məntiq nəzəriyyəsinin sonsuzluq ölçüləri və rəngləri həqiqətinə söykənir. Hətta hər gün gördüyümüz yeni tamaşalarda inkişaf edən proseslər tamaşadan tamaşaya yeniləşir və inkişafa doğru dəyişir.
Misal üçün, bugünlərdə S.Vurğun adına Rus Dram Teatrının səhnəsində İrəvan teatrının təqdim etdiyi tamaşada üç ayrı xalqa məxsus müəllifin, üç ayrı düşüncə, təxəyyül, poetika, estetik qayə və üç ayrı mədəniyyətin nümayəndələrinin ayrı-ayrı mövzuları əhatə edən üç əsəri bir vəhdətdə elə yoğurulmuşdu və elə rəngarəng xüsusiyyətlər və çoxluqlarla əhatə olunmuşdu ki, öz bütövlük vəhdətini zəncirvari şəkildə cilalaya bilmişdi. Əslində, nəzəriyyə kontekstində məsələyə yanaşsaq, belə demək mümkündür ki, üç müəllif (rus klassiki A.P.Çexov, müasir yəhudi dramaturqu B.İoseleviç və görkəmli Azərbaycan ədibi Elçin) konkret anlamda binar nəzəriyyəsini ifadə edirsə, yaradıcı heyət hər üç müəllifin təxəyyül məhsullarının vəhdətinə nail olmaq üçün çoxxəttilik, çoxrənglilik imkanlarından istifadə etməklə, üç müəllif təxəyyülünün məhsullarını bir kontekstdə yoğurulmasını həyata keçirə bilmişdir. Yaradıcı heyət tərəfindən hər üç əsərin bir-birinə zəncirvari bağlılığını təmin etmək üçün səhnədə qurulmuş dekorların həm səhnə, həm də salon məkanı olaraq işlədilməsi, oyunçuların həm ifaçı, həm də tamaşaçı qismində cilddən-cildə dəyişməsi, işıq effektlərini və musiqini tamaşa boyu yalnız musiqi və işıq effekti kimi deyil, hətta az qala personajlar qismində hərəkət etdirməsi əminliklə onu deməyə imkan yaradır ki, bu tamaşa bütövlükdə qeyri-səlis məntiq nəzəriyyəsinin qanunlarından yararlanmaqla sərhədi görünməyən fikir çoxluqlarını və rənglərlə zəngin çalarları özündə ehtiva edə bilmişdir.
Elmlərə bəlli olan bütün cərəyanlar, kəşflər heç şübhəsiz ki, insan qüdrətinin idrak və təxəyyül gücünün məhsuludur. Bütün möcüzələr insanın durmadan axtarışda olan zəkası hesabına kəşf olunur.
Bir anlıq barmağımızın ucunu göz qapağımızın üzərinə qoyub, barmağımızın ucu ilə göz qapağımızı yüngülcə zorlasaq, gözlərimiz önündə görünən nə varsa hamısının bəbəyimizin içində ikiləşdiyini görürük və barmağımızın ucunu göz qapağımız üzərində sağa, sola və ya yuxarı və aşağıya tərəfə hərəkət etdirdikcə, ikincilərin əsas obyektlərdən-birincilərdən qoparaq barmağımızın hərəkət etdiyi istiqamətin əks istiqamətinə doğru hərəkət etdiklərini müşahidə edir, ikincilərin müxtəlif dərəcələr altında görünə bilmək imkanları olduğunun şahidinə çevrilirik. Baxın, nə qədər də möcüzəvidir... barmağımızın ucunu hansı istiqamətdə hərəkət etdirsək, ikincilər əks istiqamətə doğru hərəkət edirlər. Beləliklə ikiləşmədə ortaya çıxan ikincilər öz unikal paradokslarını, belə demək mümkünsə, qeyri-müəyyənliklərini göstərirlər. Bu məqamda bir anlıq təxəyyülün imkanlarına nəzər salsaq görərik ki, təxəyyülün hərəkət istiqaməti mütləq düşüncəmizdə olan bir fikrin əks cəhətlərini də doğurur. Göz bəbəyimizdə müşahidə edilən ikiləşmə paradoksu kimi biz aynada özümüzə baxdığımız anda aynanın üzərindəki dalğavari təsvirlərdə necə əks olunuruqsa, eləcə də görünürük. Həm də aynada görünən sağımızın sol olduğu, solumuzun isə sağ olduğu aydınlaşır. Aynanı hərəkət etdirdikcə, bizim əksimiz də aynanın hərəkətinə uyğun olaraq gah uzaqlaşır, gah yaxınlaşır və ya öz istiqamətini dəyişir. “Teatr həyatın aynasıdır” kəlamı da bir həqiqət olaraq öz hikməti ilə həyatımıza daxil olmuşdur. Beləliklə, insan öz həqiqi varlığını ikiləşdirməklə, ikincini istədiyi səmtə doğru hərəkətə keçirmək üçün, mütləq və mütləq öz düşüncə orbitində nəzərdə tutduğu istiqamətin əksinə doğru aparmaq məcburiyyətindədir. Yuxarıda qeyd etdiyimiz bütün nümunələr göstərir ki, ağıllılığın əksi ağılsızlıqdır. Və yaxud da ağılsızlıq ağıllılığın astar tərəfidir. Hətta bu dünyanın astar üzü onun görünməyən tərəfi olan o biri dünyadır. Bu kimi həqiqətlər, heç vaxt kəsişmək imkanı olmayan paralellərin də kəsişə bilmək iqtidarını sübut edir.
Görkəmli Azərbaycan ədibi, Xalq yazıçısı Elçin bu fikri özünün “Mənim ərim dəlidir” teatr əsərində aydın şəkildə ortaya qoymuşdur. İkiləşmə və bu ikiləşmənin məxsusiliyi əsərin ana xəttinə çevrilmişdir. Cəmiyyətin eybəcərlikləri, saxtalığı, ikiüzlülüyü ilə mübarizəyə qalxan və istədiklərinə nail olmaq fikrində olan (əslində də bu üsulla istədiklərinə nail olur!) baş qəhrəman ikiləşmə üsulundan çox düzgün şəkildə istifadə edə bilir. İkiüzlü cəmiyyətə qarşı ikiüzlü, yəni ağıllı olduğu halda, ağıllılığın astar üz cildinə bürünmək məcburiyyətində qalır. Bu priyom onu bütün çətinliklərdən xilas edir. Hətta evdə arvadını belə öz dəliliyinə, yəni olduğunun əks üzünə inandıra bilir. Nəhayətdə öz həqiqi üzü - varlığı ilə, əks üzü - bəlkə belə də demək olar, irreallığının reallığı ilə hər an paralel hərəkət edən özünüifadə prosesi arzu etdiyi həqiqətlərə çatarkən, məhz paralellərin qovuşduğu bir nöqtənin göründüyü sübuta yetirilir. Məqsədə çatmaq niyyəti ilə ikiləşən və hər iki cəhətini paralel şəkildə aparan, yəni ağıllı olduğunu heç vaxt unutmayan, ağıllı olduğu qədər də özünü ağılsız göstərən insan paralel şəkildə iki cəhətliliyini öz daxili dünyasında sona qədər inkişaf etdirir və sonda məqsəd adlı mənzildə hər iki cəhəti ilə üz-üzə dayanaraq, əsl üzünün astarına inandırdığı insanlara gizli şəkildə gülür. O nöqtədən durub baxır və gülür ki, həmin nöqtədə o artıq istədiyinə çatmışdır. Beləcə əsərin baş qəhrəmanının həmin öz reallığı və irreallığı bir-birinə qovuşduğu tam mənası ilə görünür. Hətta bu paradoksu anlayan, daha doğrusu, ərinin ikiləşmə oyununu dərk edən arvadı yalvararaq onun beləcə də qalmasını xahiş edir. Müəllif ikiləşmə fenomenini öz bədii təxəyyül süzgəcindən keçirərək, süjet xətti boyunca personajın yaşam tərzində yanaşı apararaq elə bir nöqtəyə qədər inkişaf etdirmişdir ki, oxucu və ya tamaşaçı inanır ki, bax bu an paralellərin həqiqi qovuşduğu andır, nöqtədir. Binar nəzəriyyəsinə görə heç vaxt birləşə bilmək imkanı olmayan paralellərin qovuşması isə qeyri-xəttilik, qeyri-səlislik prinsiplərinin mahiyyəti ilə tam şəkildə adekvatdır.
İftixar
sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Əməkdar mədəniyyət işçisi