Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə beşgünlük bayram tətili bölgələrdə maraqlı konsert proqramları, teatr tamaşaları, şənlik və tədbirlərlə yadda qalıb.
Lənkəranda keçirilən bayram şənliyində rayonun təhsil, səhiyyə, mədəniyyət sahələrində, ictimai-siyasi həyatında, quruculuq və abadlıq işlərində fəallığı ilə seçilən şəxslərə şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və hədiyyələr təqdim olunub.
Bayram tədbiri konsert proqramı ilə davam edib. Şaxta babanın və Qar qızın çıxışları tədbirə xüsusi təravət və şuxluq gətirib.
* * *
Masallı şəhərinin mərkəzi meydanında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişinə həsr olunmuş ümumrayon bayram tədbiri keçirilib. Şaxta baba və Qar qız rayon sakinlərinə xoş arzularını çatdırıb.
Mərasim rayonun bədii özfəaliyyət kollektivlərinin ifasında rəngarəng konsert proqramı ilə davam edib.
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə rayon Mədəniyyət mərkəzində 10 gün ərzində gündəlik olaraq keçirilən silsilə bayram konsertinə yanvarın 4-də yekun vurulub. Rayon ictimaiyyəti və məktəblilər bu tədbirlərdən məmnun qaldıqlarını bildiriblər.
* * *
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyorları Astara məktəblilərinə gənc yazıçı Pərvin Nurəliyevanın eyniadlı nağıl-pyesi əsasında hazırlanmış “Dəcəl keçi” tamaşasını təqdim ediblər.
Tamaşaya Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib. Rolları Niftulla Əsgərov, Əbülfət Axundov, Qızılgül Quliyeva, Təranə Fərəcova, Nizami Qurbanov, Ülkər Quliyeva və başqaları oynayıblar.
Teatrın kollektivi “Dəcəl keçi” tamaşasını bayram günlərində cənub bölgəsinin digər rayonlarında da nümayiş etdirib.
* * *
Bərdə şəhər 2 nömrəli, Kətəlparaq və Kolayır kənd Uşaq musiqi, 4 nömrəli İncəsənət məktəblərinin kollektivləri hərbi hissələrdə konsert proqramı ilə çıxış ediblər. Bayram tədbirlərində xalq və bəstəkar mahnıları, aşıq havaları, hərbi-vətənpərvərlik mövzusunda mahnılar ifa olunub. Təqdim olunan musiqi nömrələri, həmçinin Şaxta baba və Qar qızın çıxışları alqışlarla qarşılanıb. Əsgərlər qonaqlarla birgə rəqs edib, şənləniblər.
Bərdə Dövlət Rəsm Qalereyasında isə “Bərdə abidələri uşaqların gözü ilə” adlı rəsm sərgisi açılıb.
Qalereyasının direktor əvəzi Səbuhi Qasımov, Bərdə Turizm İnformasiya Mərkəzinin direktoru Hikmət Heydərov tədbirdə çıxış ediblər. 4 saylı Uşaq incəsənət məktəbinin müəllimi Rəşad Hüseynov şagirdlərin çəkdikləri rəsmlər haqqında iştirakçılara məlumat verib.
Maraqla qarşılanan sərginin sonunda şagirdlərə Turizm İnformasiya Mərkəzinin diplomları təqdim edilib.
* * *
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Horadiz şəhərində də bayram tədbiri təşkil edilib. Rayonun mədəniyyət və incəsənət ustalarının ifasında rəngarəng konsert proqramı, Şaxta baba və Qar qızın çıxışları, Füzuli Dövlət Dram Teatrının hazırladığı səhnəciklər iştirakçılarda xoş ovqat yaradıb.
* * *
Ağcabədidə uşaqlar üçün növbəti əyləncəli Yeni il şənliyi Qarabağ Muğam Mərkəzində keçirilib.
Muğam mərkəzi və Uşaq musiqi məktəbinin kollektivləri tərəfindən hazırlanan Yeni il proqramı maraqla qarşılanıb. Şən musiqi nömrələri, maraqlı səhnəciklər və rəqslərlə davam edən tədbir uşaqların sevincinə səbəb olub.
Rayon Mədəniyyət evində isə İncəsənət məktəbinin şagirdləri tərəfindən təqdim edilən “Qış nağılı” adlı şənlikdə 1, 2, 3, 4, 5, 8 və 11 nömrəli orta məktəblərin şagirdləri iştirak ediblər. Bayram tədbirində Şaxta baba, Qar qız və nağıl qəhrəmanları uşaqları şənləndirib, onlara sevincli anlar bəxş ediblər.
* * *
Qax Dövlət Kukla Teatrının kollektivi də bayram günlərində uşaqları maraqlı Yeni il proqramı ilə sevindirib.
Yanvarın 1-dən yanvarın 4-dək davam edən bayram şənliklərində yüzlərlə uşaq iştirak edib. Uşaqlar Əhməd Orucun qələmə aldığı “Zınqırovlu pişik” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşaya baxıblar. Rejissor Elşad Rəhimzadənin quruluş verdiyi tamaşada əsas rolları teatrın aktyorları Araz Mehrablı, Azər Kərimov, Afət Yaqubova, Aynurə Abbasova və başqaları ifa ediblər.