Yanvarın 6-da Xızıda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin xatirəsi anılıb.
Şairin ölümünün 79 illiyinə həsr olunan mərasim Sayadlar kəndində, Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısında keçirilib. Müşfiqin büstü ətrafına toplaşan şair və yazıçılar, elm və incəsənət xadimləri görkəmli poeziya ustasının həyat və yaradıcılığından, onun ədəbiyyatımızda tutduğu mövqedən söhbət açıblar.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin şöbə müdiri Sənan Talıbov, Əməkdar müəllim, şair Ofeliya Babayeva, yazıçı-publisist Müşfiq Cabiroğlu və başqaları Müşfiq poeziyasının gənc nəslin milli mənlik şüurunun inkişafında rolundan söhbət açıblar.
Qeyd ediblər ki, sovet imperiyasının repressiya dalğasına tuş gələn şair 1938-ci il yanvarın 6-da, 30 yaşında güllələnib. O, qısa ömür sürməsinə baxmayaraq, qiymətli bədii irs yadigar qoyub.
Xızı məktəbliləri nakam şairin şeirlərindən parçalar səsləndiriblər.