Son illər paytaxt Bakı ilə yanaşı Azərbaycanın bölgələrində də turizm sahəsinin inkişafı ilə bağlı kompleks işlər həyata keçirilir. Turizm sahəsinin inkişafı üçün tanıtım tədbirləri böyük önəm daşıyır. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Lənkəran Turizm İnformasiya Mərkəzi tərəfindən hazırlanan “Lənkəran” bələdçi kitabı da bu məqsədə xidmət edir.
Kitab üç dildə (Azərbaycan, rus, ingilis), nəfis tərtibatda nəşr olunub. Kitabda Lənkəranın turizm potensialı, mehmanxanaları, istirahət mərkəzləri, muzey və mədəniyyət ocaqları haqqında ətraflı məlumat verilir. Eyni zamanda ilk dəfə olaraq Lənkəranın turizm potensialını əks etdirən HD formatında videoçarx və bələdçi xəritəsi hazırlanıb.
Yanvarın 13-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində şəhər İcra Hakimiyyəti və Turizm İnformasiya Mərkəzinin (TİM) təşkilatçılığı ilə bələdçi kitabı və videoçarxın təqdimatı keçirilib.
Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzinin foyesində Lənkəranın turizm imkanlarını əks etdirən fotosərgi və sənətkarlıq sərgisi nümayiş olunub.
Tədbiri Lənkəran TİM-in direktoru İlqar Əzimov açaraq respublikamızda turizm sahəsinin inkişafı üçün görülən işlərdən danışıb, layihə barədə məlumat verib.
Şəhər İcra Hakimiyyətinin məsul işçisi Könül Manafova və Lənkəran Mədəniyyət mərkəzinin direktoru Hafiz Mirzə belə tədbirlərin turizmin inkişafında mühüm rol oynadığını vurğulayıblar.
TİM-in direktoru İ.Əzimov bələdçi kitabının elektron variantının monitor vasitəsilə təqdimatını edib. Sonda Lənkəranın turizm potensialını əks etdirən videoçarx nümayiş olunub.