Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar bölgələrdə tədbirlər təşkil olunub
Goranboy rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.
Rayondakı “Şəhidlər kompleksi”nin önündə təşkil olunan tədbirdə 1 saylı məktəbin pedaqoji kollektivi, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib. Qanlı hadisələr zamanı şəhidlik zirvəsinə ucalmış insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxışlarda hadisənin tarixindən və nəticələrindən söz açılıb. Şagirdlər 20 Yanvar hadisələrinə həsr olunmuş şeirlər söyləyiblər.
* * *
Biləsuvar rayon Mərkəzi kitabxanasında keçirilən tədbirdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş o müdhiş gecə barədə ətraflı məlumat verilib.
Bildirilib ki, qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən ümummilli lider Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu qətliamı kəskin şəkildə pisləmişdir. Tədbirdə 6 saylı məktəbin şagirdləri 20 Yanvar faciəsi haqqında şeirlər səsləndiriblər. Sonda sənədli film nümayiş olunub.
* * *
Masallı rayon Mərkəzi kitabxanasında keçirilən tədbirdə MKS-nin direktoru Əlhəddin Nəzərov çıxış edərək 1990-cı ilin 20 yanvarında Bakıda törədilən bu qanlı qırğının XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş mənfur siyasətin növbəti təzahürü olduğunu bildirib.
Tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva faciə baş verdiyi günlərdə həmin qanlı hadisələri öz gözləri ilə gördüyünü diqqətə çatdırıb. Daha sonra İsfəndiyar Zülalov adına İsgəndərli kənd tam orta məktəbinin şagirdləri Amil Nəsirov, Cavidan Şərifov, Aynur Əliyeva, Rəşad Qasımov, Rəvan Məmmədov və başqaları 20 Yanvar şəhidlərinə həsr edilmiş şeirlər söyləyiblər.
* * *
Lerik rayonu Siyov kənd klubunda təşkil olunan anım tədbirində iştirakçılar əvvəlcə “Tariximizin şanlı səhifəsi” başlıqlı fotostendə baxıblar. Klubun müdiri Əfrayın İmanverdiyev çıxış edərək 20 Yanvar hadisələrini Azərbaycanının milli azadlıq hərəkatında qəhrəmanlıq səhifəsi adlandırıb. Bildirib ki, sovet rejimi bu qanlı əməllə xalqımızın iradəsini qırmaq niyyətində olsa da, bunu bacarmadı. Əksinə Vətən şəhidləri ilə bir daha ucaldı.
Şair, həkim Rövşən İmanov, kənd sakinləri Novruz Qəmbərov, Fərhad Muradov və Güloğlan Həsənovun çıxışları olub. “Yarımçıq qalmış ömür” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.
* * *
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar hadisələrinin 27-ci ildönümünə həsr olunan silsilə tədbirlərə start verilib. Yanvarın 17-də rayon Bərdə rayon MKS-nin Uşaqlara xidmət şöbəsində “20 Yanvar faciəsi uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi keçirilib.
Şöbənin müdiri Sevda Süleymanova tariximizin bu qanlı və şanlı səhifəsi haqqında məlumat verib. Jurnalist Şükufə Əliyeva, MKS-nin direktoru Havva Mirzəyeva bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar. 5 nömrəli orta məktəbin VI sinif şagirdləri faciəyə həsr etdikləri ədəbi-bədii kompozisiyanı təqdim ediblər.
Sonda məktəblilərin 20 Yanvara həsr etdikləri rəsm əsərləri nümayiş olunub. 1 nömrəli orta məktəbin IX sinif şagirdi Nigar Orucova I yer, şəhər 3 nömrəli orta məktəbin VII sinif şagirdi Fərid Məcidov II yer, 5 nömrəli orta məktəbin VI sinif şagirdi Aytac Hacıyeva isə III yerə layiq görülüb.