Yanvarın 28-də Azərbaycan Xalça Muzeyinin Uşaq muzeyi şöbəsinin təşəbbüsü ilə növbəti “Ailə günü” tədbiri keçiriləcək.
Muzeydən bildirilib ki, “Açıq qapı” günü çərçivəsində reallaşan tədbirin keçirilməsində məqsəd valideynlərlə uşaqlar arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası ölkənin mədəniyyət və incəsənətini tanıtmaqdır.
Müxtəlif yaş hədlərinin nəzərə alındığı tədbir proqramında iştirakçılar Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənətinin tarixi ilə yaxından tanış olacaqlar. Onlar ustad dərslərinin iştirakçısı olmaqla yaradıcı bacarıqlarından istifadə edərək özlərinin incəsənət nümunələrini hazırlayacaqlar. İştirakçılar tədbirdə müxtəlif nominasiyalar üzrə müsabiqəyə qatılacaq, uşaq yazarı Gülzar İbrahimovanın nağıl dünyasına səyahət edəcək, Azərbaycan Dövlət Kukla Teatrının təqdimatında “Cırtdanın nağılı” adlı tamaşaya baxacaqlar.
Xalça Muzeyində “Ailə günü” tədbiri hər ayın son şənbə günü keçirilir.