Yanvarın 25-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağının nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin Yeni il bayramı qeyd olunub.
Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru, professor Rafiq Abbasov universitetdə çinşünaslıq üzrə elm və tədris sahələrində görülən işlərdən danışıb. Ötən il ADU-da Konfutsi İnstitutunun açılış mərasiminin keçirildiyini xatırladan R.Abbasov Çinin “Bir kəmər və bir yol” qlobal iqtisadi layihəsi çərçivəsində elmi araşdırmaların aparıldığını diqqətə çatdırıb. Bildirib ki, ADU ilə Çinin universitetləri arasında tələbə və müəllim mübadiləsi genişlənib, Çin dili və onun tarixi, mədəniyyəti, iki ölkə arasında əməkdaşlıqla bağlı elmi tədqiqatlar aparılıb, seminarlar təşkil olunub.
ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri, Konfutsi İnstitutunun əməkdaşları rəngarəng bədii proqramlarla çıxış ediblər. Onlar Çin Yeni ilinin tarixindən, ənənələrindən danışıb, bayrama həsr olunan şeirlər söyləyiblər.
Tədbirdə, həmçinin “12 bürc”, “Yeni il”, “Ailə”, “Birlik”, “Yasəmən” Çin mahnıları, “Şir rəqsi”, uyğur rəqsləri ifa olunub.