Yanvarın 28-də Azərbaycan Xalça Muzeyinin Uşaq muzeyi şöbəsinin təşəbbüsü ilə növbəti “Ailə günü” tədbiri keçirilib. Hər ayın son şənbəsi - “açıq qapı” günü çərçivəsində gerçəkləşən layihənin məqsədi valideyn-uşaq arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək, mədəniyyət və incəsənətimizi tanıtmaqdır.
Tədbirin proqramında müxtəlif yaş hədləri nəzərə alınır. Bu dəfə də iştirakçılar Azərbaycan xalçaçılığının, dekorativ-tətbiqi sənətinin tarixi ilə tanış olub, ustad dərslərində iştirak edib, yaradıcı bacarıqlarından istifadə edərək incəsənət nümunələri hazırlayıblar.
Həmçinin müxtəlif müsabiqələr və oyunlar təşkil olunub. “İstedad sənsən” müsabiqəsində məktəblilərin iştirakı ilə müxtəlif nominasiyalar (xalq mahnıları, rəqs, bədii qiraət, rəsm) üzrə yarışma keçirilir. “Öz xalçanı yarat” kompüter proqramı, xalça pazlı, “Xalçalarda yaşayan əfsanələr” mövzusunda tematik ekskursiyalar da uşaqların marağına səbəb olub. “Özün rənglə”, “Rəngli kağızlardan oyuncaqlar düzəlt” və digər bir-birindən maraqlı proqramlar təqdim olunub.
Tədbirdə memar Elçin Əliyevlə görüş keçirilib. Sonra “Azərbaycan memarlığı” rəsm müsabiqəsi təşkil olunub və fərqlənənlər mükafatlandırılıb.