Daşkənddə növbəti xeyriyyə tədbiri keçirilib
   
   Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində növbəti xeyriyyə tədbiri keçirilib.
   Daşkənddəki internat məktəbi və uşaq evlərinin 250-dən çox şagirdinin qatıldığı tədbirdə AMM-in direktoru Samir Abbasov Azərbaycan ilə Özbəkistan arasındakı dostluq əlaqələrindən, rəhbərlik etdiyi mərkəzin uşaq evləri ilə bağlı layihələrindən və ölkəmizdə uşaqlara yaradılan şəraitdən söhbət açıb.
   Daşkənddəki 102 nömrəli məktəbin direktoru Manzura Saidazimova, 4 nömrəli internat məktəbinin direktor müavini Manzura Karimova, 30 nömrəli uşaq evinin direktor müavini Fanila Qabbasova və başqaları uşaqların təlim-tərbiyəsində belə tədbirlərin rolunu yüksək qiymətləndiriblər. Onlar belə xeyriyyə tədbirləri keçirdiyi üçün AMM-in kollektivinə minnətdarlıqlarını bildiriblər.
   Mədəniyyət mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri bir-birindən gözəl rəqslərimizi, internat məktəbinin şagirdləri isə dünya xalqlarının rəqslərini ifa ediblər.
   Sonda 250 uşağa AMM-in sovqatları verilib.