Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və diaspor təşkilatımız olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin birgə layihəsi əsasında Özbəkistanda yaşamış tanınmış soydaşlarımızın irsinin təbliği, xatirəsinin əbədiləşdirilməsi işləri həyata keçirilir.
Uzun müddət Özbəkistanın Səmərqənd Vilayət Rəssamlıq Akademiyasının sədri (1969-1986) vəzifəsində çalışmış tanınmış azərbaycanlı heykəltəraş Eynulla Əliyevin Səmərqənd şəhərində yaşadığı binanın üzərinə onun xatirə lövhəsinin vurulması nəzərdə tutulub.
Xatirə lövhəsi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə hazırlanıb.
Eynulla Dadaş oğlu Əliyev (1937-2001) böyük özbək şairi Əlişir Nəvainin Daşkənddə ucaldılmış heykəlinin, habelə şairin Özbəkistanın Katta Kurqan şəhəri, Səmərqənd vilayətinin Akdarı və Payarı rayonlarındakı heykəllərinin müəllifidir. Əsərləri Özbəkistan Dövlət İncəsənət Muzeyində, Moskvadakı Tretyakov Qalereyasında saxlanılır. 1977-ci ildə Daşkənddəki "Mirzo Uluqbek" metro stansiyasının döymə misdən dizaynını işləyib.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, 2016-cı ildə bu ölkədə yaşamış daha bir azərbaycanlı sənətkar, Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü Yusif Hüseynovun Daşkənddə yaşadığı binanın üzərinə xatirə lövhəsi vurulub.