Son bir ildə burada mindən çox qədim gümüş xırda pul, onlarla köhnə yaraq, qiymətli metallardan düzəldilmiş məmulatlar bərpa edilib
   
   Milli Azərbaycan Tarixi Muzeyindəki bərpa laboratoriyası burada yer alan bütün eksponatların - arxeoloji tapıntıların, bəzək və geyim əşyalarının, rəngkarlıq və qrafika əsərlərinin və s. bərpası ilə məşğul olur. 
   Təhsib Zəvərli 2013-cü ildən laboratoriyaya rəhbərlik edir. Onun sözlərinə görə, laboratoriya 1920-ci illərdən sonra formalaşmağa başlayıb. O vaxtlar emalatxana səviyyəsində fəaliyyət göstərib. 1960-cı illərdən laboratoriya kimi fəaliyyət göstərir.
   Həmsöhbətim deyir ki, indi burada ciddi elmi araşdırmalar aparılır. Laboratoriyada ilk olaraq bərpa və konservasiya işləri həyata keçirilir. 2000-ci ildən laboratoriyada bərpa olunan əşyaların çeşidi artmağa başlayıb. Qabaqlar burada bir neçə material üzərində bərpa aparılırdısa, indi bunlara xalça, tikmə, ağac, kağız və yağlı boya əsərləri, dəri əlavə edilib. Bundan başqa, muzeyin fondlarında köhnə bayraqlar və silah növləri saxlanılır. Yaraqların içində çürüməyə meyilli olanlar çoxdur. Onları bərpa etmək üçün kimyəvi maddələrdən geniş istifadə olunur ki, onlar da Avropadan gətirilir. 
   Laboratoriyanın Prezident yanında Elmin İnkişafı Fondu ilə əməkdaşlığı nəticəsində bir sıra uğurlu işlər gerçəkləşdirilib. 2013-cü ildə laboratoriya üçün çağdaş bərpa avadanlıqlarının alınması məqsədilə təqdim edilən layihə Fond tərəfindən bəyənilib, 80 min manatlıq qrant vəsaiti ayrılıb. Həmin vəsaitlə laboratoriya üçün İtaliyadan ən son avadanlıqlar alınaraq ölkəyə gətirilib, bu gün onlardan geniş istifadə edilməkdədir. 
   T.Zəvərli: “Bu avadanlıqlar içərisində vakuum təmizləmə, sovurma qurğusu ayrıca seçilir. Bu qurğu sayəsində parçadan hazırlanmış, təmizlənməyə ehtiyacı olan köhnə muzey əşyaları və kağız məmulatları yüksək səviyyədə çirkdən arıtlanır. Ultrasəs nəmləndirmə sistemi ilə işləyən qurğu çağdaş tələblərə bütünlüklə cavab verir. MDB ölkələrinin heç birində bu qurğu yoxdur. Metallarla işləmək üçün mikroqaynaq cihazını almışıq ki, bunun da sayəsində sınan hər hansı metal əşyanı üzərində iz buraxılmadan qaynaq etmək mümkündür. Bu qurğular bizə imkan verir ki, bərpaya ehtiyacı olan əşyaları zədələmədən, az kimyəvi müdaxilə ilə metallarda aşınma gedişlərini dayandıraq”. 
   Muzey eksponatlarına zərər verən kiflər, göbələk, həşərat və böcəklər də var. Bunlarla mübarizə ayrıca diqqət istəyir. Yeni üsulların tətbiqi ilə bunların qarşısı uğurla alınır. 
   Ən vacib avadanlıqlardan biri də arxeoloji materialın üzərində illərlə əmələ gəlmiş ərpi, kiri təmizləmək üçündür. Bu avadanlıq imkan verir ki, qədim bir əşyanı zədələmədən öncəki durumuna qaytarmaq mümkün olsun. 
   Muzey əşyalarının bərpasında elektron mikroskopların ayrıca yeri var. Bunun vasitəsilə əldə edilən məlumatlar kompüterə ötürülür, orada elektron baza yaradılır. Həmin baza əsasında gərəkən araşdırmalar aparılır. 
   Son bir ildə laboratoriya mindən çox qədim gümüş xırda pul, onlarla köhnə yaraq, qiymətli metallardan düzəldilmiş məmulatlar, bir sözlə, 1300-ə yaxın eksponatı bərpa edib. Bu işləri görərkən laboratoriya əməkdaşları çox diqqətli olurlar. Bəzən xırda bir pulun təmizlənməsi günlərlə vaxt aparır. Elə əşyalar var ki, onlardan bir nüsxədir. 
   Laboratoriyanın əməkdaşları içərisində ən yaşlısı 1958-ci ildən burada çalışan Əmir Zəvərovdur. O, müxtəlif ekspedisiyalarda iştirak edib, saxsı məmulatlarının bərpası ilə məşğul olur. Əməkdar mədəniyyət işçisi, tanınmış bərpaçı-rəssam Gülşən Hacıyeva 40 ildir ki, bu işlə məşğuldur. O, burada qrafik rəsm əsərlərini bərpa edir. Onun atası Fərhad Hacıyev Azərbaycanda ali təhsilli ilk bərpaçı-rəssam, ölkəmizdə bu sahənin elmi əsaslarla yaradıcısı olub.
   Laboratoriyaya kənardan da müraciətlər olur. Məsələn, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan müxtəlif tapıntıların bərpası üçün bu sayaq müraciətlər edilir. 
   Yuxarıda sadalananlardan sonra bu laboratoriyanı avadanlıqlarına və gördüyü işlərə görə ölkəmizdə çağdaş bərpa laboratoriyası saya bilərik. Baxmayaraq ki, laboratoriya rəhbəri görülmüş işləri az hesab edir, buranın dünyada tanınmış bərpa mərkəzi olmasını istəyir. Laboratoriyanın beynəlxalq əməkdaşlığı yüksək səviyyədədir. Bir çox ölkələrin uyğun qurumlarından mütəxəssislər gələrək buradakı işlərlə yaxından tanış olurlar. 
   
   S.Qaliboğlu