Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə ötən ilin noyabrında Özbəkistan Milli Elmlər Akademiyasının Dövlət Tarix Muzeyində açılan “Azərbaycan - Qafqazın dürdanəsi” adlı sərgi davam edir.
Bu müddət ərzində Daşkəndin ali və orta məktəblərinin, kolleclərinin tələbələri sərgiyə baxıblar.
Sərgidə ölkəmizin tarixi və müasir inkişafı haqqında kitablar, mədəni irs nümunələri, ipəkdən və yundan hazırlanan xalçalar, tarixi abidələrimizin maketləri, müxtəlif milli musiqi alətləri nümayiş olunur. Azərbaycanın Qarabağ bölgəsinin milli qadın və kişi geyimləri, ölkəmizin qədim tarixinə dair muzey eksponatları da marağa səbəb olub.
Sərginin növbəti ziyarətçiləri Daşkənddəki “Sexriye” qeyri-dövlət təhsil kompleksinin şagirdləri olub. AMM-in əməkdaşı Kifayət Pirməmmədova ziyarətçilərə sərgi haqqında ətraflı məlumat verib, iki xalq arasında dil, mədəniyyət, adət və ənənələrin oxşar olduğunu bildirib.