Daşkənddəki “Dunyo boylab” televiziya kanalında özbək dilində “Telesayohat Ozarbayjon” adlanan ikihissəli proqram nümayiş etdirilib.
Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında reallaşan proqramın 1-ci hissəsində Azərbaycan paytaxtı Bakının turizm imkanları, tarixi binaları, turistlərin səyahət etdiyi maraqlı məkanlar, ölkəmizin mədəniyyəti, adət-ənənələri, son illər əldə edilmiş nailiyyətlər geniş işıqlandırılıb.
Verilişdə Heydər Əliyev Beynəlxalq Aeroportu, Qız qalası, İçərişəhər, “Ginnesin rekordlar kitabı”na düşən möhtəşəm Bayraq meydanı, habelə müasir memarlıq nümunələri, Heydər Əliyev Mərkəzi, “Alov qüllələri”, Xalça Muzeyi və s. haqqında da məlumatlar verilir.
Proqramda Xalça Muzeyi, burada saxlanılan qədim xalçalarımız haqqında məlumatlarla yanaşı, 2016-cı ilin sentyabrında Mədəniyyət və Turizm Nazirliyi və AMM-in birgə təşkilatçılığı ilə İçərişəhərdə özbək gənclərinin çıxışı və konsert proqramından kadrlar nümayiş etdirilir.
Verilişin 2-ci hissəsində Gəncə şəhəri, şəhərin ümumi mənzərəsi, Xan bağı, Cavad xanın məqbərəsi, Nizami məqbərəsi göstərilir və onların tarixi haqqında danışılır.
Ötən il Gəncədə keçirilən Türkdilli Ölkələrin Gənclər Festivalı barədə də verilişdə süjetlər təqdim edilir, Azərbaycan təbiətinin incisi Göygöl haqqında danışılır.
AMM bu verilişləri geniş tamaşaçı kütləsinə çatdırmaq məqsədilə “youtube.com” səhifəsində də yerləşdirib
(https://www.youtube.com/watch?v=PoYI99Qk3-0).