Dünyada televiziyanın yaranmasının yüz ildən az tarixi var. Amma bu müddətdə televiziya həyatımıza, məişətimizə elə güclü şəkildə daxil olub ki, günümüzü nəinki onsuz təsəvvür etmirik, bir çox hallarda məhz televiziya düşüncəmizi, dünyagörüşümüzü, mədəni zövqümüzü formalaşdırır, əxlaqımıza, mənəvi tərbiyəmizə təsirsiz ötüşmür.
   61 il əvvəl, 1956-cı il fevralın 14-də Azərbaycanda televiziya fəaliyyətə başlayıb. İlk efir günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və çıxışına "Göstərir Bakı" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş olunub. İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edilirdilər. İllər keçdikcə televiziya inkişaf edir, ayrıca bir sahə kimi formalaşır. 61 illik tarixi olan Azərbaycan Televiziyası isə respublika teleefir məkanının, televiziya mütəxəssislərinin formalaşmasında mühüm rol oynayıb. 
   İndi Azərbaycan efir məkanında AzTV-dən başqa bir neçə özəl televiziya kanalı, İctimai Televiziya, eləcə də regional televiziyalar fəaliyyət göstərir. Bu siyahıya 6 il əvvəl “Mədəniyyət” kanalı da qoşuldu. Azərbaycan Teleradio Verilişləri QSC-nin bazasında yaranmış və qısa müddətdə tamaşaçı rəğbəti qazanmış “Mədəniyyət” kanalı mədəni irsimizin bəşəri dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini Azərbaycanda təbliğ etmək, gənc nəslin bədii-estetik zövqünü formalaşdırmaq kimi mühüm missiyaya öz töhfəsini verməyə çalışır.
   Bu kanalın fəaliyyətə başlaması da dövlətimizin mədəniyyətə, incəsənətə göstərdiyi böyük diqqət və qayğının nəticəsidir. Bu gün Azərbaycan Televiziyasının zəngin “qızıl fond”unda milli mədəniyyətimizin, incəsənətimizin inkişafında xüsusi xidmətləri olan insanlar haqqında müxtəlif lent yazıları, görkəmli sənətkarlarımızın ifasında muğamlar, bəstəkar mahnıları, müxtəlif teatr tamaşalardan nadir parçalar qorunub saxlanır və artıq altı ildir tamaşaçılar bu inciləri “Mədəniyyət”in ekranından da seyr edirlər.
   Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, incəsənətinin, milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılması istiqamətində gördüyü əvəzsiz işlər bu gün uğurla davam etdirilir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu sahədə çoxsaylı layihələr həyata keçirilir və həmin tədbirlərin tamaşaçılara çatdırılmasında da “Mədəniyyət” kanalı yaxından iştirak edir. Altıillik fəaliyyəti dövründə kanal elmin, maarifçiliyin, Azərbaycan dilinin, tarixinin, mədəniyyət və incəsənətinin müxtəlif sahələrini əhatə edən verilişləri ilə tamaşaçı rəğbəti qazanıb.
   
   Lalə