Qısametrajlı film nümayiş olunacaq
Fevralın 21-də YARAT Müasir İncəsənət Mərkəzində kinorejissor Murad Abiyevin “Köhnə Bakı ölməyib” qısametrajlı filmi nümayiş olunacaq.
Ekran əsəri həyat yoldaşını itirən, monoton ömür sürən Ağarəhim adlı kişinin əhvalatından bəhs edir. Qəhrəman keçmişin, köhnə Bakının ritmi ilə yaşayır. Müasir həyat onun üçün mövcud deyil. O, səhər oyanır, yeyir-içir, küçəyə baxır, İçərişəhərin küçələrini dolaşır, xatirələrə dalır, dükana alış-verişə gedir. Günlərin birində evində qəribə məxluq peyda olur. O, Ağarəhimlə söhbətləşir, mübahisə edir və qəhrəmanın daxili senzurasının sədd çəkdiyi istəklərini dilə gətirir, onu keçmişindən ayırıb indiki zamanın ritminə kökləmək istəyir. Əhvalat onunla bitir ki, çağırılmamış qonaq ev sahibinə arvadının şkafını satmağı və xatirələrdən xilas olmağı təklif edir.
Film Azərbaycan dilində rus dili alt yazıları ilə təqdim olunacaq.