Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı məqaləsi “Diplomatik gözləm” jurnalında dərc olunub.
Məqalədə Xocalı soyqırımının səbəbləri və ağır nəticələri barədə oxuculara ətraflı məlumat verilir. Xocalı soyqırımının törədilməsində təcavüzkar Ermənistanın indiki və keçmiş rəhbərliyinin iştirakı barədə təkzibolunmaz faktlar göstərən müəllif yazır ki, bu cinayət erməni millətçiliyinin iç üzünü dünya ictimaiyyətinə nümayiş etdirir. Qeyd olunur ki, Azərbaycan dövləti Xocalı faciəsinin dünya ictimaiyyəti tərəfindən soyqırımı olaraq qəbul edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə gerçəkləşən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası dünyada geniş rezonans doğurub.
Məqalədə diqqətə çatdırılır ki, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, Panama, İordaniya və Rumıniya, o cümlədən ABŞ-ın bir çox ştatı Xocalı soyqırımını tanıyıb.