“Sonsuz dəhliz” sənədli filmi nümayiş olunub
   
   Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva filmin nümayişindən əvvəl mərkəzin foyesində Xocalı faciəsi zamanı lentə alınmış şəkillərdən ibarət fotosərgi ilə tanış olub.
   Dövlət və hökumət rəsmiləri, millət vəkilləri, diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanan “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası haqqında məlumat verilib. Vurğulanıb ki, kampaniyada müxtəlif kommunikasiya vasitələri və resurslardan, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edilir. Beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə, irqi və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqavimət nümayiş etdirməyə, qırğından sağ çıxmış xocalılılar ilə həmrəylik ifadə etməyə və azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlib.
   Sonra ekran əsəri barədə məlumat verilərək bildirilib ki, Leyla Əliyevanın təşəbbüsü ilə çəkilən “Sonsuz dəhliz” filmində Ermənistan silahlı qüvvələrinin törətdikləri Xocalı soyqırımının şahidləri olan jurnalistlər Riçardas Lapaitis (Litva) və Viktoriya İvlevanın (Rusiya) faciədən 20 il sonra Azərbaycana gələrək, qətliamdan xilas olmuş şəxslər ilə görüşlərində lentə aldıqları xatirələrdən bəhs edilir, faktlar və xronikalar ilə hadisələrin obyektiv mənzərəsi canlandırılır. 
   Filmin rejissoru Aleksandras Brokas deyib: “Şeytanın ayaq açıb oynaması üçün yeganə lazım olan bir şey varsa, o da yaxşı insanların süst oturması idi. Ola bilsin, bu, yeganə səbəbdir ki, biz 7 il əvvəl vaxt və təzadları düşünmədən sonu görünməyən yola çıxdıq. Mən bizə etimad göstərmiş, nəinki evlərinin, qəlblərinin də qapısını açmış insanlara təşəkkür edirəm. Yalnız onlar deyə bilərlər ki, insan gözləri qarşısında ailəsi qətlə yetiriləndə hansı hissləri keçirir. Onlar bilirlər ki, müharibə dustağı olmaq və ya işgəncə nədir. Onların adları çoxlarına məlum deyil: jurnalistlər Riçardas Lapaitis, Viktoriya İvleva, sağ qalmış Mehriban ana, musiqiçi və müəllim Valeh, bizim operator Seyidağa və həmçinin həmin qırğından sonra sağ qalmış gənc qız. Filmə onların və digər şahidlərin söylədikləri təqdim olunub. Fikrimizcə, bu sənədli filmi çəkdiyimiz zaman bundan artıq göz yaşı görmək mümkün deyildi”.
   “Sonsuz dəhliz” sənədli filminin indiyədək dünyada yarım milyarda yaxın insan tərəfindən izləndiyini deyən rejissor Leyla Əliyevaya və “Xocalıya ədalət!” kampaniyasına təşəkkürünü bildirib. Qeyd olunub ki, film bir neçə xarici dilə tərcümə olunub, 60-dan artıq kinofestivalda nümayiş etdirilib, ABŞ-ın “Accolade Film Competition” kino nəşrinin “Humanitar mükafatı”na layiq görülüb, Madrid Tenerife Beynəlxalq Film Festivalında film və rejissoru mükafatlandırılıb.
   “Fərəhlənirik ki, sənədli filmə baxanlar Xocalı soyqırımından sağ çıxmış insanlarla həmrəylik ifadə ediblər. Bu, o deməkdir ki, Azərbaycan xalqı artıq tənha deyil”, - deyə A.Brokas vurğulayıb.
   1992-ci ildə erməni silahlı dəstələrinin Xocalı şəhərinin dinc əhalisinə qarşı törətdikləri vəhşiliyin şahidi olduğunu deyən litvalı jurnalist Riçardas Lapaitis bildirib ki, bu qanlı qırğına erməni millətçiləri əvvəlcədən hazırlaşmışdılar: “Xocalıda dinc əhaliyə qarşı vəhşilik törədən hər kəs, o cümlədən Ermənistan prezidenti Serj Sarkisyan və başqaları hələ ki öz vicdanları qarşısında cavab verirlər. Ümid edirəm ki, bir gün ədalət zəfər çalacaq və bu hadisəni törədənlər Beynəlxalq Tribunalda cavab verəcəklər”.
   Soyqırımının şahidi Valeh Hüseynov ağrılı-acılı hisslərini bölüşüb, bu filmin Xocalı həqiqətlərini üzə çıxardığını deyib: “Xocalı faciəsi haqqında günlərlə, aylarla danışa bilərəm. Orada olan hər bir epizod mənim yaddaşımdadır”. 
   Sonra film nümayiş olunub. Qeyd edək ki, Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Amerika və Litva kinematoqrafçıları tərəfindən çəkilən “Sonsuz dəhliz” sənədli filminin premyerası 2014-cü il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib.