Xocalı soyqırımının 25-ci ildönümü hər il olduğu kimi, bu dəfə də qardaş Türkiyənin müxtəlif şəhərlərində anım tədbirləri, toplantılarla qeyd edildi.
   Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən təşkil olunan tədbirlər çərçivəsində fevralın 23-də Ankaranın Qızılcahamam rayonunda yerləşən Xocalı Abidə və Muzey Kompleksində anım mərasimi keçirildi. Mərasimə səfirliyin əməkdaşları, rəsmilər, Ankarada təhsil alan tələbələrimiz, diaspor və yerli ictimaiyyət nümayəndələri, media və QHT təmsilçiləri qatılmışdı.
   Fevralın 24-də isə Türkiyədəki səfirliyimiz və Ankara şəhər Keçiörən rayon bələdiyyəsinin təşkilatçılığı ilə “Xocalı qətliamını unutmadıq, unutmayacağıq” adlı tədbir keçirildi. Keçiörən rayonunda Xocalı şəhidləri üçün ucaldılmış “Ana və uşaq” heykəlinin yerləşdiyi Azərbaycan meydanında gerçəkləşən mərasimdə iki ölkədən millət vəkilləri, Türkiyə rəsmiləri, Ankarada təhsil alan kursantlarımız, diaspor və yerli ictimaiyyət nümayəndələri iştirak edirdi.
   Əvvəlcə Xocalı şəhidlərinin ruhuna “Qurani-Kərim”dən ayələr oxundu. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildi.
   Keçiörən Bələdiyyəsi başqanı Mustafa Ak açılış nitqi söylədi. 
   Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov Xocalı faciəsilə bağlı ətraflı məlumat verdi. Səfir bu faciənin dünyaya çatdırılması və tanıdılmasında Türkiyənin Azərbaycana mənəvi dəstəyini vurğuladı və çıxışının sonunda gələn qonaqlara və iştirakçılara təşəkkürünü bildirdi.
   AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov Xocalı soyqırımının səbəbləri və nəticələri, təcavüzkar Ermənistan dövləti və erməni millətçi dairələrinin Türkiyə dövlətinə qarşı əsassız iddialarının yaratdığı təhlükələr barədə danışdı.
   Sonra Türkiyə Böyük Millət Məclisinin deputatları Nurettin Aras, Haluk İpek, Emrullah İşler, Murat Alpaslan, TBMM-də Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar, TÜRKSOY-un nümayəndələri, Keçiörən müftisi, Xocalı sakini Ələmdar Quliyev və başqaları çıxış etdilər.
   Xocalı qurbanlarının xatirə abidəsi önünə çələnglər qoyuldu. Anım mərasimindən sonra Qazi Universitetinin İncəsənət fakültəsi, Keçiörən Bələdiyyəsi və Azərbaycan səfirliyinin birgə təşkilatçılığı ilə “613 Xocalı şəhidinin xatirəsinə” adlı sərginin açılışı oldu.
   
   Mehparə Sultanova
   Ankara