“Müasir Azərbaycan qadını” layihəsi çərçivəsində görüş keçirilib
   
   Fevralın 25-də “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin “Gənclik” filialında “Gözəllik dünyanı xilas edəcək” mövzusunda görüş keçirildi. Tədbir artıq ikinci dəfə həyata keçirilən “Müasir Azərbaycan qadını” layihəsi çərçivəsində baş tutub.    
   Tədbirdə əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Xocalı sakinləri, döyüşlərdə qəhrəmanlıq göstərən şəhid əsgərlərin ailə üzvlərinin xatirələri dinlənildi. Faciə zamanı şəhid olmuş və itkin düşmüş ailələrin üzvləri yaşadıqları o dəhşətli gecə haqqında danışdılar.
   Mərkəzin rəhbəri Təranə Məmmədova qonaqları salamlayaraq layihə barədə məlumat verdi. Bildirdi ki, layihənin məqsədi sosial həyatdan uzaq, öz gücünə inanmayan, ünsiyyət qurmaq, bacarıq və qabiliyyətlərini üzə çıxarmağa çətinlik çəkən xanımlara dəstək olmaqdır. 
   Qeyd olundu ki, “Müasir Azərbaycan qadını” layihəsinə bu dəfə ümumilikdə 500-ə yaxın xanım müraciət edib. Onların arasından şəhid, itkin düşmüş və məcburi köçkün ailələrindən olan qadınlara üstünlük verilib. Layihə çərçivəsində “Vətənpərvər qadın”, “Sağlam bədəndə sağlam ruh”, “Yaradıcı qadın” mövzularında görüşlər keçirilib. Bu tədbirlər zamanı müasir dövrdə həyat tərzi və onun yaxşılaşdırılması, sağlam qidalanma, qadınların özlərinə qulluq qaydaları və bir sıra digər mövzulara dair fikir mübadilələri aparılıb, məlumat və tövsiyələr verilib. 
   Mərkəzin rəhbəri görüşün qonaqları barədə də məlumat verdi. Bildirdi ki, layihə iştirakçılarının istəkləri nəzərə alınaraq, modelyer Afaq İsmayılzadə zövqlü geyim, geyimin insanın ruh halına təsiri mövzusunda fikrini bölüşəcək, tanınmış vizaj ustası Günəş Mehdiyeva dəriyə düzgün qulluğun sağlamlığa təsirindən danışacaq. 
   Sonra görüşdə müxtəlif peşə sahibi qadınlar öz yaradıcılıq fəaliyyətləri barədə danışdılar, mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırıldı. Qeyd edək ki, yanvar ayında başlayan layihənin martın 4-də Gəncə şəhərində başa çatması planlaşdırılır. 
   
   Lalə Azəri