Azərbaycan Respublikası ilə Kuba Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edilməsi ilə bağlı tədbirlər çərçivəsində Havana televiziya kanalı “Odlar yurdu Azərbaycan” sənədli filminin çəkilişlərinə başlamaq niyyətindədir.
Kanalın “Mədəniyyət xəbərləri” buraxılışında efirə getmiş reportajda bildirilib ki, Azərbaycan mədəniyyəti ilə bağlı çəkiləcək 10 hissəli sənədli filmin birinci hissəsi xalqımızın əziz bayramı olan Novruz bayramına, milli mətbəximizə, qədim adət-ənənələrimizə həsr ediləcək. Məlumatda xalqımızın Novruz bayramı ilə bağlı adətlərindən, bayram çərşənbələrinin rəmzi mənalarından bəhs edilib.
Reportajda Novruz bayramının beynəlxalq əhəmiyyətindən danışılaraq diqqətə çatdırılıb ki, BMT Baş Məclisinin qərarı ilə 2010-cu ildə Beynəlxalq Novruz Günü təsis olunub. Bu bayram 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.
Layihə çərçivəsində martın 21-dək bayram çərşənbələrinin adətləri haqda izləyicilərə məlumatlar veriləcək.