Prezident yanında Bilik Fondunun əməkdaşları Pirşağıda yerləşən Xocalı rayonu 2 nömrəli tam orta məktəbində olublar.
Fondun sektor müdiri Xatirə Hüseynova, aparıcı məsləhətçi Ramilə Qurbanlı, məsləhətçi Elvin Hətəmov məktəblilərə kitab və mütaliənin insan həyatında rolundan danışıblar. Məktəblilərə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin hədiyyə etdiyi 50 adda bədii kitab bağışlanıb. Şagirdlər öz yazdıqları şeirlərdən parçalar səsləndiriblər.
“Qaranquş” jurnalının baş redaktoru Aysel Zahidqızı nəşrin yeni sayını uşaqlara hədiyyə edib. Baş redaktor onu da bildirib ki, məktəblilərin yaradıcılıq nümunələri vaxtaşırı jurnalda işıqlandırılacaq.
Qeyd edək ki, ötən ay Bilik Fondunun “İmzalı görüş” layihəsi çərçivəsində Xocalı rayonu 2 nömrəli tam orta məktəbində “Qiraət saatı” və yazar Mehriban Nağıyeva ilə görüş keçirilmişdi.