Berlin Humboldt Universitetində fotosərgi davam edir
   
   Xəbər verdiyimiz kimi, Berlin Humboldt Universitetində Azərbaycanda alman məskənlərinin 200 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb. 
   Almaniyada işgüzar səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və bu ölkədəki səfirimiz Ramin Həsənov fotosərgiyə baş çəkiblər.
   “Almanların Vürtemberq və Qafqaz arasında vətən axtarışı” adlanan fotosərgi Berlin Humboldt Universitetində Azərbaycan tarixi kafedrasının, “EuroKaukAsia” Cəmiyyətinin, Erkən Tarix Muzeyinin, Şərqi Avropa üzrə Alman Mədəniyyət Forumunun təşkilatçılığı və Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
   Sərgi XIX əsrdə Azərbaycanda və Gürcüstanda məskunlaşmış almanların iqtisadi, mədəni və məişət həyatını, onların yerli əhali ilə münasibətlərini əks etdirən fotoşəkillərdən ibarətdir.
   Fevralın 20-də açılan sərgi martın 19-dək Berlin Humboldt Universitetində, daha sonra Almaniyanın bir sıra başqa şəhərlərində, ardınca Bakıda, vaxtilə alman icmasının yaşadığı Göygöl (Helenendorf) şəhərində, eləcə də Gürcüstanda və Ukraynada nümayiş etdiriləcək.