Londonun Kovent Qarden rayonunda yerləşən Müqəddəs Pavel kilsəsində (St.Paul’s Church) Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş xatirə konserti haqqında video reportaj “London LİVE” televiziya kanalında yayımlanıb.
Ənənəvi anım konserti bu il fevralın 24-də “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə baş tutub.
Konsertdə soprano səsə malik Selcan Nəsibli F.Əmirovun “Sevil” operasından Sevilin ariyasını, pianoçu Ayan Salahova və violonçel ifaçısı Camal Əliyev isə bəstəkarlar F.Şopen və S.Raxmaninovun populyar əsərlərini ifa ediblər.
Konsert fransız bəstəkar Pyer Tilloyun həmin gecənin dəhşətlərini canlandıran "Xocalı 613" əsərinin ifası ilə yekunlaşıb.
Əsər azərbaycanlı skripkaçı Nəzrin Rəşidova, latviyalı klarnetçi Anna Qaqane və Fransanın “Quatuor Chagall” adlı kamera ansamblı tərəfindən birgə ifa edilib.
Sonda tədbir iştirakçılarının hər birinə konsertin CD diski hədiyyə edilib.
Məlumat üçün bildirək ki, “London LİVE” televiziya kanalı Londonda, həmçinin peyk və kabel vasitəsilə yayımlanır. Onun 200 minə yaxın tamaşaçı auditoriyası var.