Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi tərəfindən Bakıda və bölgələrdə yerləşən muzeylərin əməkdaşları üçün bu sahədə mövcud olan beynəlxalq təcrübə, mədəni sərvətlərin mühafizəsi və digər məsələlərə həsr edilmiş regional sərgi-seminarlar, treninqlər, təkmilləşdirmə kursları təşkil edir.
Fevralın 23-dən martın 15-dək davam edən kurslarda Balakən, Mingəçevir, İmişli, Oğuz, Ucar, Masallı, Ağsu, Qusar, Qəbələ, Qubadlı tarix-diyarşünaslıq muzeylərinin, Azərbaycan Xalça Muzeyinin bərpaçı rəssamları və digər əməkdaşları iştirak ediblər.
Nəzəriyyə və təcrübə olaraq iki hissədən ibarət olan dərsləri MSXƏEBM-in elmi işlər üzrə direktor müavini Naira Sadıxova, MSXƏEBM-in əməkdaşları - baş mühafiz İranə İbrahimova, kimyaçı mühəndis Pərvin Sadıqova, bərpaçı rəssamlar Xatirə Tağıyeva, Sultan Sultanov, Gündüz Məmmədov, Natiq Baxışov aparıb.
Kursun dinləyicilərinə muzey əşyası və onun mühafizə üsulları, temperatur-rütubət rejimi, bioloji rejim, metalların, keramika məhsullarının, qrafika əsərlərinin, ağac məhsullarının və arxeoloji eksponatların bərpasında kimyəvi üsulların tətbiqi, qrafik əsərlərin, keramika əsərlərinin, şirli və şirsiz qabların, şüşə, sümük, ağac, dəri məmulatları, musiqi alətləri, silah nümunələri və saatların bərpası və konservasiyası mövzularında ətraflı məlumat verilib.