Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri, şair Sabir Sarvan martın 14-də, 61 yaşında dünyasını dəyişib. 
   Sabir Sarvan (Sabir Soltan oğlu Məlikov) 1956-cı ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. Yeniyetmə vaxtından ədəbiyyata meyli olub. 1970-ci ildə “Birlik“ rayon qəzetində ilk şeiri işıq üzü görüb. 1977-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. Universitetin Tədris teatrında, Lənkəran Dövlət Dram Teatrında çalışıb. 1988-ci ildən mətbuat sahəsində fəaliyyət göstərib, “Gənclik” jurnalında şöbə müdiri, baş redaktorun müavini işləyib. 1996-cı ildən Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri idi.
   “Gördüyüm göy üzü, baxdığım işıq”, “Çıx qaranlıqdan”, “Gəldi qürub”, “Özümü sözə çevirdim” adlı şeir kitablarının müəllifidir.
   Şeirlərinin birində belə yazırdı:
   İçi qan çanağı, özü nağılsa,
   Tüküm də tərpənməz dünya dağılsa.
   Tərk edib gedərdim ağlıma qalsa,
   Di gəl ki, ürəyim tərsinə çəkir.
   
   Sabir Sarvan doğulduğu kənddə dəfn olunub.
   Allah rəhmət eləsin.